Meriya əməkdaşı rüşvət alarkən saxlanıldı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi Batumi Meriyasının tabeliyində fəaliyyət göstərən "Batumi Bələdiyyə Müfəttişliyi"nin Tikintiyə Nəzarət şöbəsinin əməkdaşını külli miqdarda rüşvət tələb etmək və almaqda ittiham edərək saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, istintaq və operativ tədbirlər nəticəsində saxlanılan şəxsin Batumidə qanunsuz tikilmiş kommersiya təyinatlı obyektə görə qanunvericiliklə nəzərdə tutulan cərimənin tətbiq edilməməsi müqabilində Gürcüstan vətəndaşından rüşvət aldığı müəyyən edilib. O, rüşvəti alarkən cinayət başında yaxalanaraq təqsirləndirilən şəxs qismində saxlanılıb.
DTX-nin məlumatına görə, saxlanılan şəxsin əsas vəzifəsi Batumi şəhəri ərazisində bütün kateqoriyalara aid tikinti obyektlərinə nəzarət etmək, icazəsiz aparılan və qanunsuz həyata keçirilmiş tikinti işləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görmək olub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Həmin maddə rüşvət alma cinayətini nəzərdə tutur və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.


