Bazara zəhərli ət çıxarmaq cəhdinin qarşısı alındı – Təxminən 2 ton ət məhv edildi
Gürcüstanın Milli Qida Agentliyi Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ilə birgə keçirdiyi tədbirlər nəticəsində sağlamlıq üçün təhlükəli olan, qanunsuz kəsilmiş iribuynuzlu heyvan ətinin satışa çıxarılması cəhdinin qarşısını alıb. Əməliyyat zamanı təxminən 2 ton ət müsadirə edilərək məhv edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalara Mtsxeta-Mtianeti bölgəsinin Tsilkani kəndindən Agentliyə daxil olan 15 baş iribuynuzlu heyvanın zəhərlənməsi ilə bağlı məlumat əsasında başlanılıb.
Fermerin sözlərinə görə, heyvan saxlanılan yer həşərat əleyhinə preparatla emal edildikdən sonra mal-qarada zəhərlənmə əlamətləri müşahidə olunub.
Agentliyin Mtsxeta-Mtianeti Departamentinin baytar həkimləri hadisə yerinə dərhal baxış keçirərək istifadə olunan preparatdan laborator müayinə üçün nümunələr götürüblər. İlkin araşdırmalar preparatın düzgün istifadə edilmədiyini və təhlükəsizlik qaydalarının pozulduğunu göstərib.
Hadisə yerində fermer tərəfindən artıq kəsilmiş bir baş iribuynuzlu heyvan baytarlıq qaydalarına uyğun şəkildə məhv edilib. Qalan 14 baş heyvanla bağlı isə sağlamlıq üçün təhlükəli ətin bazara çıxmasının qarşısını almaq məqsədilə fermerə Agentliyi əvvəlcədən məlumatlandırmaq öhdəliyi qoyulub.
Aparılan əlavə araşdırmalar nəticəsində Gəlirlər Xidməti və Milli Qida Agentliyinin İmereti Departamentinin əməkdaşları birgə əməliyyat zamanı "Produktebi 2028" MMC-yə məxsus nəqliyyat vasitəsini aşkarlayıblar. Avtomobildə baytarlıq nəzarəti olmadan və kəsim məntəqəsindən kənarda kəsilmiş, ümumi çəkisi təxminən 2 tona çatan ət daşındığı müəyyən edilib.
Yoxlama zamanı heyvanların identifikasiya nişanlarının məhz Tsilkani kəndində zəhərləndiyi ehtimal olunan iribuynuzlu heyvanlara məxsus olduğu təsdiqlənib.
Milli Qida Agentliyinin inspektorları qanunvericiliyə uyğun tədbirlər görərək təhlükəli əti tam müsadirə edib və məhv ediblər. Həmçinin biznes operatoru inzibati qaydada cərimələnib.


