Qadına evində hücum edən şəxs saxlanıldı
Kutaisidə qadının yaşadığı evə daxil olaraq ona fiziki zor tətbiq etməkdə və tapança ilə hədələyərək zinət əşyalarını ələ keçirməyə cəhd göstərməkdə ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları məhkəmə qərarı əsasında həmin şəxsi quldurluq ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 11 iyulunda Kutaisidə qadına yaşadığı evdə hücum edib, ona fiziki xəsarət yetirib və tapança ilə hədələyərək qiymətli zinət əşyalarını götürməyə çalışıb. Daha sonra hadisə yerindən qaçıb.
Xəsarət alan qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


