13 
Avq
2026
17:40
129

“Kazbeqi” gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb

Təhlükə yaradan amillərin azalacağı təqdirdə “Kazbeqi” gömrük-keçid məntəqəsi normal rejimdə və tam gücü ilə fəaliyyətini davam etdirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, Devdoraki dərəsində quraşdırılmış xəbərdarlıq sisteminin aktivləşməsi səbəbindən “Kazbeqi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.

Bununla əlaqədar Gürcüstanın gömrük sərhədindən malların gətirilməsi və çıxarılması, eləcə də sözügedən gömrük-keçid məntəqəsindən dövlət sərhədini keçən fiziki şəxslərə münasibətdə gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi mümkün olmayacaq.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirir ki, Devdoraki dərəsində quraşdırılmış xəbərdarlıq sistemi aktivləşdirilib. Bunun nəticəsində yüksək dəqiqlikli sistem dərhal ‘Kazbeqi’ gömrük-keçid məntəqəsinə həyəcan siqnalı ötürüb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq nəticəsində gömrük-keçid məntəqəsinin əməkdaşları, eləcə də ərazidə olan Daxili İşlər Nazirliyinin Patrul Polisi və Sərhəd Polisinin bütün nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları, yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə köçürülüb.

Bununla yanaşı, ‘Kazbeqi’ gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurlarının dayandırıldığını bildiririk. Gürcüstanın gömrük sərhədindən malların gətirilməsi və çıxarılması, həmçinin sözügedən gömrük-keçid məntəqəsindən dövlət sərhədini keçən fiziki şəxslərə münasibətdə gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi mümkün olmayacaq.

Təhlükə yaradan amillərin azalması halında ‘Kazbeqi’ gömrük-keçid məntəqəsi normal rejimdə və tam gücü ilə fəaliyyətini davam etdirəcək. Buna uyğun olaraq, sərnişinlərin və yüklərin keçidi maneəsiz şəkildə həyata keçiriləcək”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Devdorakidə quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub. Sistem çay yatağında su axınının səviyyəsində minimal artım baş verdikdə dəyişiklikləri qeydə alır.

Siqnalın daxil olması ilə əlaqədar “Dariali” sərhəd-keçid məntəqəsində ərazidə olan vətəndaşlar, eləcə də keçid məntəqəsində çalışan Patrul Polisi və gömrük xidməti əməkdaşları təhlükəsiz əraziyə təxliyə ediliblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər