Tikintidə fırıldaqçılıq: Onlarla vətəndaşdan 355 min lari alan şəxs saxlanılıb
Böyük məbləğdə pul mənimsəmək məqsədilə sosial şəbəkələr vasitəsilə vətəndaşlara tikinti və təmir işləri təklif edən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, şübhəli şəxs cinayətkar qrupun digər üzvü ilə birlikdə onlarla vətəndaşla tikinti və təmir işlərinin görülməsi ilə bağlı saxta razılaşmalar bağlayıb.
Tbilisi Polis Departamentinin Baş İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəxs hakim qərarı əsasında saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs böyük məbləğdə pul əldə etmək məqsədilə sosial şəbəkələr vasitəsilə tikinti və təmir işlərinə ehtiyacı olan vətəndaşlara xidmət təklif edib. Bu bəhanə ilə o, cinayətkar qrupun digər üzvü ilə birlikdə onlarla vətəndaşla saxta müqavilələr bağlayıb.
Qrup üzvləri zərərçəkmiş şəxslərə münasib qiymətə yaşayış evləri və kotteclər tikəcəklərini, həmçinin lazımi icazələrin alınmasını və tikinti ilə bağlı digər xidmətləri təmin edəcəklərini vəd ediblər.
Bu yolla təqsirləndirilən şəxslər ilkin mərhələdə zərərçəkmişlərə şəxsi və hüquqi şəxsin hesablarına ümumilikdə 355 min lari köçürtdürüblər. Lakin daha sonra razılaşmanın şərtlərini yerinə yetirməyib, zərərçəkmişlərə məxsus külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəyib və onlarla əlaqəni kəsiblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Sözügedən cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


