Karelidə kənd sakini öldürülüb – hadisə ilə bağlı yetkinlik yaşına çatmayan şəxs saxlanılıb
Kareli bələdiyyəsinin kəndlərindən birində baş verən qətl hadisəsi ilə bağlı yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə azyaşlını saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kareli bələdiyyəsinin kəndlərindən birində qarşılıqlı mübahisə zəminində başlayan münaqişə zamanı soyuq silahdan istifadə edərək kənd sakininin döş qəfəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Aldığı xəsarət nəticəsində kişi hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


