31 
Avq
2026
11:21
89

Gürcüstanda sürücülərin 64 faizi vəsiqəsində 100 balı tam qoruyub saxlayıb

2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Gürcüstanda 1 087 953 nəfərin sürücülük vəsiqəsinə verilən 100 bal tam saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistik məlumatlarda qeyd olunur.

Məlumata görə, 100 balı tam saxlanılan sürücülərin sayına görə Tbilisi birinci yerdədir. Lakin paytaxtın əhalisinin daha çox olması nəzərə alınaraq, bu göstərici Tbilisidə ən çox qanunlara riayət edən sürücülərin yaşadığını göstərmir.

Regionlar üzrə 100 balı tam saxlanılan sürücülərin sayı belədir:

  • Tbilisi – 364 278 nəfər

  • İmereti – 163 362 nəfər

  • Kvemo Kartli – 111 746 nəfər

  • Acarıstan – 95 082 nəfər

  • Kaxeti – 89 961 nəfər

  • Sameqrelo-Zemo Svaneti – 83 067 nəfər

  • Şida Kartli – 75 168 nəfər

  • Samtsxe-Cavaxeti – 36 775 nəfər

  • Quriya – 28 601 nəfər

  • Mtsxeta-Mtianeti – 27 428 nəfər

  • Raça-Leçxumi və Kvemo Svaneti – 9 005 nəfər

  • Abxaziya – 3 480 nəfər

Hazırda Gürcüstanda təxminən 1,7 milyon nəfərin sürücülük vəsiqəsi var. Bu isə sürücülük vəsiqəsi olanların təxminən 64 faizinin 100 balını tam saxladığını göstərir.

Bununla yanaşı, DİN-in məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında 255 nəfərin sürücülük vəsiqəsindəki ballar tam tükənib. Hesabat dövründə ümumilikdə 287 430 nəfərin balı azaldılıb.

Balların azaldılması və tam tükənməsi hallarının ən çox qeydə alındığı ərazi Tbilisi olub. Paytaxtda 108 nəfərin balları tam tükənib, 85 572 nəfərin isə balı azaldılıb.

Qeyd edək ki, Gürcüstanda sürücülük vəsiqəsinə hər il yanvarın 1-də 100 bal verilir. Müxtəlif yol hərəkəti qaydalarının pozulmasına görə sürücünün balından müəyyən sayda bal çıxılır. Sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, avtomobil idarə edərkən mobil telefondan istifadə kimi hallarda sürücülük vəsiqəsinin balları azaldılır.

Xatırladaq ki, Gürcüstan hökuməti 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasını və 2026-2027-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib. Strategiyanın əsas istiqamətlərindən biri yollarda sürət həddinin aşılması hallarının azaldılmasıdır.

Strategiyaya əsasən, hökumət videokameralar tərəfindən qeydə alınan sürət həddinin aşılması hallarına görə sürücülərin sürücülük vəsiqəsinə verilmiş ballarının azaldılması sisteminin tətbiqini də planlaşdırır.

Bizimlə əlaqə saxlayın