31 
Avq
2026
15:25
105

1 sentyabrdan 60 yaşdan yuxarı şəxslərin bəzi kart əməliyyatlarına nəzarət gücləndirilir

1 sentyabrdan 60 yaşdan yuxarı şəxslərin həyata keçirdiyi bəzi elektron ödəniş əməliyyatları üzrə yeni təhlükəsizlik tələbləri qüvvəyə minir.

InterPress.ge xəbər verir ki, qərar Gürcüstan Milli Bankı tərəfindən qəbul edilib və məqsəd yaşlı istifadəçilərin mümkün dələduzluq sxemlərindən qorunmasını gücləndirməkdir.

Yeni qaydalara əsasən, 500 laridən artıq məbləğdə olan və yüksək dələduzluq riski daşıyan fəaliyyətlərlə bağlı əməliyyatlar riskli hesab edilə bilər. Bura onlayn ticarət, o cümlədən forex əməliyyatları, investisiya fəaliyyəti, qumar biznesi və virtual aktivlərlə bağlı əməliyyatlar daxildir.

Həmçinin istifadəçinin qeyri-adi xərcləmə və davranış xüsusiyyəti aşkar edilərsə, əməliyyat riskli hesab oluna bilər.

Belə əməliyyat müəyyən edildikdə, ödəniş xidməti provayderi əməliyyatı müvəqqəti dayandırmalı və ya bunun mümkün olmadığı halda onun icrasından imtina etməlidir.

Bundan əlavə, xidmət təminatçısı istifadəçi ilə əlaqə saxlamalı və onu əməliyyatın mümkün riskləri barədə məlumatlandırmalıdır.

Qaydalara əsasən, istifadəçinin riskli və ya şübhəli əməliyyatı başladıqdan sonra 48 saat ərzində həmin əməliyyatın həyata keçirilməsi ilə bağlı yekun qərar vermək və qərarını xidmət təminatçısına təsdiqləmək imkanı olacaq.

Milli Bankın məlumatına görə, yeni qaydalar ilk mərhələdə yalnız kart əməliyyatlarına şamil ediləcək.

Bizimlə əlaqə saxlayın