01 
Sen
2026
10:24
273

Gürcüstanda sentyabrın 1-dən bir sıra yeni qaydalar qüvvəyə minir – əsas dəyişikliklər

Bu gündən, 1 sentyabr 2026-cı ildən Gürcüstanda bir sıra yeni qayda və tələblər qüvvəyə minir. Dəyişikliklər ödəniş xidmətləri, avtomobillərin səs-küyü, çay istehsalı, kredit təşkilatları, Tbilisidə nəqliyyatın hərəkəti və valyutadəyişmə məntəqələrinin fəaliyyətini əhatə edir.

InterPress.ge xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minəcək əsas dəyişikliklər bunlardır:

60 yaşdan yuxarı şəxslərin riskli ödənişləri üzrə tələblər sərtləşdirilir.
Milli Bankın yeni qaydalarına əsasən, 60 yaşdan yuxarı şəxslərin 500 laridən çox məbləğdə yüksək riskli elektron ödənişlərinin qarşısının alınması üçün ödəniş xidməti provayderləri əlavə qoruyucu tədbirlər tətbiq etməlidir. Qayda onlayn ticarət, investisiya, qumar və virtual aktivlərlə bağlı yüksək riskli əməliyyatlara şamil olunur.

Avtomobillərin səs-küyünə yerindəcə nəzarət ediləcək.
Daxili İşlər Nazirliyinin səlahiyyətli əməkdaşları avtomobillərin yaratdığı səs-küyü beynəlxalq ISO 5130:2019 standartına uyğun portativ cihazlarla yoxlayacaqlar. Yaşayış məntəqələrində gecə saatlarında – 23:00-dan 08:00-dək avtomobillərin səs səviyyəsi 80 desibeldən çox olmamalıdır.

Normanı pozan sürücü ilk dəfə 100 lari cərimə olunacaq və sürücülük vəsiqəsindən 10 bal silinəcək. Təkrar pozuntu zamanı cərimə 200 lari və 20 bal, üçüncü və sonrakı pozuntularda isə 300 lari və 30 bal təşkil edəcək.

Çay istehsalçıları üçün yeni tələblər tətbiq olunur.
Yeni texniki reqlament çayın istehsalı, emalı, bazara çıxarılması və paylanması ilə bağlı tələbləri müəyyənləşdirir. Qaydaların icrasına Qida üzrə Milli Agentlik nəzarət edəcək. Reqlament qüvvəyə minməzdən əvvəl bazara çıxarılmış və yeni tələblərə uyğun olmayan məhsullar isə son istifadə müddəti bitənədək, lakin 1 sentyabr 2027-ci ildən gec olmayaraq satıla bilər.

Kredit verən subyektlər üçün cərimələr artırılır.
Yeni qaydalara əsasən, maliyyə hesabatlarının vaxtında təqdim edilməməsi və ya yanlış məlumat verilməsi 1 000 lari cərimə ilə nəticələnəcək. Təkrar pozuntularda cərimə 10 000 lariyə qədər yüksələ bilər.

Aktiv və öhdəliklərin, gəlir və xərclərin uçotunun aparılmamasına görə hər fakt üzrə 5 000 lari cərimə nəzərdə tutulur. Qeydiyyat və tənzimləmə tələblərinin pozulmasına görə cərimələr 10 000-20 000 lari arasında olacaq.

Bundan əlavə, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı tələblər də sərtləşdirilir. Şübhəli əməliyyatları müəyyənləşdirən və sanksiyaya məruz qalan şəxsləri avtomatik tanıyan proqram təminatının olmamasına və ya ciddi qüsurlarla işləməsinə görə 15 000 lari cərimə tətbiq olunacaq.

Rustaveli prospektində nəqliyyatın hərəkəti üzrə yeni sxem tətbiq edilir.
Tbilisidə Rustaveli prospektində aparılan reabilitasiya işləri ilə əlaqədar sentyabrın 1-dən avtomobillərin hərəkəti üçün müvəqqəti sxem qüvvəyə minir. Bir sıra küçələrdə ikitərəfli hərəkət mümkün olacaq, bəzi küçələrdə isə hərəkət istiqaməti dəyişdiriləcək.

Valyutadəyişmə məntəqələri üçün yeni tələblər qüvvəyə minir.
Milli Bankın qərarına əsasən, valyutadəyişmə məntəqələrinin fəaliyyətinə nəzarət mexanizmləri sərtləşdirilir. Məntəqələr bütün əməliyyatları real vaxt rejimində xüsusi proqramda qeyd etməli və hər nağd əməliyyat üzrə proqram tərəfindən çap edilmiş qəbz təqdim etməlidirlər.

Bundan başqa, məntəqələrdə həm daxili, həm də xarici videomüşahidə kameralarının quraşdırılması məcburi olacaq. Xarici kameraların görüntüləri ən azı 30 gün, daxili kameraların görüntüləri isə ən azı 180 gün saxlanılmalıdır.

Yeni qaydalara əsasən, valyutadəyişmə məntəqələri Milli Banka hesabatları hər ay, hesabat ayının başa çatmasından sonra ən geci 15 təqvim günü ərzində təqdim etməlidirlər.

Bizimlə əlaqə saxlayın