Qadın evində qətlə yetirilib – bir nəfər saxlanılıb
Ozurgeti bələdiyyəsinin Nasakirali kəndində baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, hadisə avqustun 28-də baş verib. Təqsirləndirilən şəxs qətl məqsədilə Nasakirali kəndində vətəndaşlardan birinin evinə gizli şəkildə daxil olub.
O, evdə olan qadına soyuq silahla həyati təhlükəli, çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində şübhəli şəxsi saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


