İrakli Kobaxidze Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin etdi
Giorgi Zurabaşvili Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Kobaxidzenin sözlərinə görə, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli, mövcud ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi və humanitar məsələlər üzrə dialoqun aparılması Gürcüstan üçün əsas prioritetlərdən biridir.
“Rusiya Federasiyası ilə münaqişənin sülh yolu ilə həlli, mövcud ticarət-iqtisadi münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də humanitar məsələlər üzrə daimi dialoqun aparılması ölkəmizin ən mühüm prioritetlərindəndir.
Gürcüstan və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin olmadığı şəraitdə, Cenevrə formatı ilə yanaşı, Baş nazirin xüsusi nümayəndəsi vəzifəsi bu vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyət daşıyır.
Cənab Giorgi Zurabaşvili çox təcrübəli diplomatdır. O, illər ərzində dövlət qulluğunda müxtəlif yüksək vəzifələr tutub. Xarici İşlər Nazirliyində müxtəlif departamentlərin direktoru, həmçinin fövqəladə və səlahiyyətli səfir vəzifələrində çalışıb. 2024-cü ildə Gürcüstanın xarici işlər nazirinin müavini, 2025-ci il iyulun 1-də isə nazirin birinci müavini təyin edilib.
Əminik ki, cənab Giorgi Zurabaşvili bilik və təcrübəsi sayəsində Baş nazirin xüsusi nümayəndəsi qarşısında qoyulan vəzifələri ən yaxşı şəkildə yerinə yetirəcək”, – deyə İrakli Kobaxidze bildirib.


