Tbilisidə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
Tbilisidə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, eləcə də satışına kömək etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları üç nəfəri müxtəlif vaxtlarda saxlayıblar.
Qurumun məlumatına görə, şübhəlilərin şəxsi əşyalarına və yaşayış evlərinə baxış zamanı satış üçün hazırlanmış narkotik vasitələr maddi sübut kimi götürülüb. Bunların arasında “Alfa-PVP”, 480 həb “Preqabalin” və qurudulmuş marixuana olub.
İstintaq tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da aşkarlanaraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvart və 261-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


