Polis 24 saat ərzində yüzlərlə şəxsi qayda pozuntusuna görə cərimələdi
Son 24 saat ərzində 424 qayda pozuntusu faktı aşkar edilmişdir.
InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində son 24 saat ərzində ölkə daxilində qüvvədə olan 424 qaydanın pozulması faktı aşkarlanıb. Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 96 şəxsi cərimələyib.
Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qayda pozuntularına dərhal reaksiya verirlər.
Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var. Bundan əlavə 24 saat ərzində maska taxma qaydasını pozduqları üçün 328 şəxs İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.
Daxili İşlər Nazirliyi yenidən vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır.
Əks təqdirdə,qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.
Maska taxma qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir. Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrar cərimələr cinayət məsuliyyətinə səbəb olur.


