"Novruz bayramı" ilə bağlı baş nazirə müraciət olundu
Gürcüstanda azərbaycanlıların təmsil olunduğu bir neçə təşkilat və ictimai fəal ölkənin baş naziri İrakli Ğaribaşviliyə müraciət ediblər.
InterPress.ge xəbər verir ki, müraciət müəllifləri Novruz bayramı günü Gürcüstanda tətbiq olunan “komendant saatı”nın ləğvini xahiş edirlər.
Sənəddə bildirilib ki, bayramın qeyd olunması, qonaq getmək və tonqal qalamaq axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün “komendant saatı”nın aradan götürülməsi təklif olunur.
Müraciət bu gün hökumət administrasiyasına təqdim edilib.
Qeyd edək ki, Gürcüstanda pandemiya səbəbindən ötən ilin noyabrından saat 21:00-dan saat 05:00-dək ölkə üzrə piyadalar və avtomobillərin hərəkətinə icazə verilmir.


