Şarj cihazına qoşulmuş telefonda oyun faciə ilə yekunlaşdı - FOTO
Şarj cihazına qoşulan mobil telefonlardan istifadənin təhlükəli olması barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, hələ də ehtiyatsızlıqdan ölüm xəbərləri ilə qarşılaşırıq.
InterPress.ge xəbər verir ki, belə hadisələrdən biri Tailandda baş verib.
“Daily Mail” nəşrinin məlumatına görə, yatağında şarja taxılı olan telefonda oyun 32 yaşlı Tinnakorn Rattanauppafanın sonu olub. Belə ki, kişini elektrik cərəyanı vurub.
Onun meyitini iki gün işə çıxmamasından narahat olan dostları tapıb. Hadisə yerinə hüquq mühafizə orqanları çağırılıb. İlkin müayinədən sonra tailandlının iki gün əvvəl öldüyü məlum olub.
Dostlarının sözlərinə görə, gəncin səhhətində heç bir problemi olmayıb. Ancaq mobil oyunlara həddən artıq vaxt ayırırmış.
“Hesab edirik ki, onu cərəyan vurub, çünki əlində elektrik yanıqlarının izi var”, - deyə hüquq mühafizəçiləri bildiriblər.