Xəstəliklərə Nəzarət Mərkəzi: Uşaq bağçalarındakı intoksikasiya hallarının əsas səbəbi böyük ehtimalla norovirusdur
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzinin məlumatına görə, uşaq bağçalarında qastroenteritlə müşayiət olunan hallarla bağlı laboratoriya araşdırmalarının nəticələri göstərir ki, hadisələrin böyük əksəriyyətinə yüksək ehtimalla norovirus səbəb olub.
InterPress.ge xəbər verir ki, Milli Mərkəzin məlumatına görə, norovirus dünyada virus mənşəli qastroenteritlərin əsas törədicilərindən biridir. Gürcüstan üzrə məlumatlara əsasən, virus mənşəli qastroenterit hallarının 40-45%-nin səbəbi məhz norovirusdur.
Mərkəzdən bildirilib ki, sentyabrın 17-də uşaq bağçalarında uşaqlar arasında qastroenterit hallarının aşkarlanmasından dərhal sonra Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz öz səlahiyyətləri çərçivəsində araşdırmaya qoşulub.
“İlk növbədə qeyd etmək lazımdır ki, hazırda halların klinik gedişi əlverişlidir. Heç bir halda ciddi və ya təhlükəli ağırlaşma müşahidə olunmayıb. Uşaqların əksəriyyəti artıq sağalma mərhələsindədir və yaxın zamanda normal həyat tərzinə qayıdacaqlar.
Xəstəliklə bağlı laboratoriya araşdırmalarının nəticələri göstərir ki, halların böyük əksəriyyətinə yüksək ehtimalla norovirus səbəb olub. Bununla yanaşı, araşdırmalar davam edir və yekun nəticələr əldə olunan kimi ictimaiyyətə məlumat veriləcək.
Norovirus dünyada virus mənşəli qastroenteritlərin əsas törədicilərindən biridir. Gürcüstan üzrə məlumatlara əsasən, virus mənşəli qastroenteritlərin 40-45%-nin səbəbi məhz norovirusdur.
Norovirus qusma, qarın ağrısı, ishal və bəzi hallarda hərarətin yüksəlməsi ilə müşayiət olunan infeksiyadır. Bu xəstəlik həyat üçün təhlükəli deyil və bir qayda olaraq orqanizm infeksiyanın öhdəsindən 1-3 gün ərzində özü gəlir.
Xəstəliyin müalicəsi su-elektrolit balansının qorunmasına əsaslanır. Norovirus zamanı düzgün hidratasiya, yəni orqanizmdə maye ehtiyatının bərpası vacibdir. Qidalanma rejiminə də riayət edilməli, ən azı 3-4 gün ərzində süd məhsulları, yağlı, qızardılmış və ədviyyatlı qidalar rasiondan çıxarılmalıdır.
İshal və qusmaya qarşı dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.
Bununla yanaşı, norovirusun yayılmasının qarşısının alınması üçün gigiyena qaydalarına riayət etmək vacibdir. Əllər ən azı 20 saniyə sabunla yuyulmalı, çirklənmiş səthlər təmizlənməlidir.
Qeyd edək ki, uşaq bağçalarında qida təhlükəsizliyinin araşdırılması məqsədilə ilk mərhələdən etibarən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri də prosesə cəlb olunub”, – deyə məlumatda bildirilib.


