Vahid Milli Hərəkat fövqəladə bəyanat yaydı
Vahid Milli Hərəkat fövqəladə bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, partiya Gürcüstandakı beynəlxalq ictimaiyyətə, akkreditə olunmuş diplomatik korpusa, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarına müraciət edib.
Bəyanatda bildirildiyinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına aparılması ölümə bərabərdir.
Partiya Gürcüstan hakimiyyətindən Mixail Saakaşvilinin sağlamlığının və şəxsi təhlükəsizliyinin təmin edilməsini qəti şəkildə tələb edir.
“Prezident Saakaşvilinin Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlamasından 25 gün keçir. Onun vəziyyəti hər an son dərəcə ağırlaşa bilər və aclığı səbəbi ilə təcili tibbi yardım tələb edə bilər. Şuranın 2021-ci il oktyabrın 23-də keçirilən iclasında komissiya ən yüksək ixtisasa malik olan tərkibi ilə Mixail Saakaşvilinin həbsxana xəstəxanasına deyil, yüksək səviyyəli klinikaya aparılması ilə bağlı nəticə çıxardı.
Buna baxmayaraq, Gürcüstan hakimiyyəti Mixail Saakaşvilinin həbsxana xəstəxanasına aparılmalı olduğunu bildirir ki, orada da prezident Saakaşvili adekvat müalicədən məhrum olacaq və onun təhlükəsizliyində ciddi problem yaranacaq.
Xalq Müdafiəçisi də eyni qənaətə gəldi, buna görə “Gürcü arzusu” ona qarşı çirkin kampaniyaya başladı. Gürcüstan hakimiyyəti adından ədliyyə naziri Mixail Saakaşviliyə ölüm hökmü çıxardı, eyni məzmunlu bəyanatları baş nazir, Tbilisinin hazırki meri və hakim partiyanın liderləri də yayırlar. Biz Gürcüstandakı beynəlxalq ictimaiyyətə, akkreditə olunmuş diplomatik korpuslara, beynəlxalq və ya yerli qeyri-hökumət təşkilatlarına müraciət edərək Gürcüstanın üçüncü prezidentinin yaşamaq hüququnu və şəxsi təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görmələrini xahiş edirik.
Gürcüstan hakimiyyəti Saakaşvilinin siyasi həbsindən doymayıb və indi ölkənin üçüncü prezidentini ölümə məhkum edir. Biz Gürcüstan cəmiyyətinə müraciət edirik, hamımız siyasi simpatiyamıza, şəxsi əhval-ruhiyyəmizə və münasibətimizə baxmayaraq, Mixail Saakaşvilinin Qldani həbsxanasının xəstəxanasına aparılmasına imkan verməməliyik. Üçüncü prezidentin oraya yerləşdirilməsi hakimiyyət tərəfindən öldürülməsinə bərabərdir və həm siyasi, həm də tarixi baxımdan ən pis nəticələrə gətirib çıxaracaq. Gürcüstan hakimiyyətindən Mixail Saakaşvilinin sağlamlığını və şəxsi təhlükəsizliyini təmin etməsini qətiyyətlə tələb edirik. Əks halda, siz Gürcüstan cəmiyyətindən ən sərt cavabı alacaqsınız və yadda saxlayın ki, istənilən halda siz və şəxsən siyasi məhbusu Gürcüstanın üçüncü prezidenti olan Bidzina İvanişvili Saakaşvilinin həyatına tam cavabdeh olacaqsınız”, - bəyanatda deyilir.


