Konstitusiya Məhkəməsi “Dəyişikliklər Koalisiyası”nın vəsatətini təmin etməyib
Gürcüstan Konstitusiya Məhkəməsinin Plenumu “Dəyişikliklər Koalisiyası”nın şahidlərin kimliyinin müəyyənləşdirilməsi, onların məhkəməyə çağırılması və sənədlərin tələb olunması ilə bağlı vəsatətini təmin etməyib.
InterPress.ge xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraianın sözlərinə görə, Plenumun bütün üzvləri qərarla tam razılaşıblar.
“Cavabdeh tərəfin – ‘Dəyişikliklər Koalisiyası: Qvaramia, Melia, Girtsi, Droa’nın şahidlərin kimliyinin müəyyənləşdirilməsi, onların çağırılması və sənədlərin tələb olunması ilə bağlı vəsatəti təmin edilməsin. Qərardad qətidir və ondan şikayət verilə və ya ona yenidən baxıla bilməz. Qərardad 15 gün ərzində Gürcüstan Konstitusiya Məhkəməsinin internet səhifəsində dərc olunacaq. Plenumun bütün üzvləri qərardadla tam razıdırlar”, – deyə Revaz Nadaraia bildirib.
Onun sözlərinə görə, məhkəmə bu mərhələdə sübutların tələb olunmasının zəruriliyinə əmin olmayıb. Tərəfin tələb etdiyi və araşdırılmasını istədiyi sübutlar komissiyanın hesabatının əsaslandığı materiallardır və həmin hesabat artıq məhkəməyə sübut kimi təqdim edilib.
Məlumat üçün bildirək ki, “Dəyişikliklər Koalisiyası”nın lideri Nika Qvaramia məhkəmə iclasında sübutların tələb olunması və şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırıb.
Qvaramia məhkəmədən iddiaçı tərəfin vəsatətdə göstərilən sənəd və materialları təqdim etməsinin tələb olunmasını, həmin sənədlərin Gürcüstanın Ədliyyə Nazirliyindən, Xarici İşlər Nazirliyindən və Hökumət Administrasiyasından alınmasını istəyib.
O, həmçinin vəsatətdə göstərilən şəxslərin şahid qismində məhkəməyə çağırılmasını, Ədliyyə Nazirliyinə və Gürcüstan Parlamentinə həmin şəxslərin kimliyini açıqlamaq və onların məhkəməyə gəlməsini təmin etmək barədə göstəriş verilməsini tələb edib.
Vəsatətdə məhdud çıxış imkanına malik materialların təqdim edilməsi və araşdırılması qaydasının müəyyənləşdirilməsi, cavabdeh tərəfin nümayəndələrinin çıxış əldə edə bilmədiyi materialların qərar üçün əsas kimi istifadə olunmamasının təsbit edilməsi də yer alıb.
Bundan əlavə, Qvaramia tələb edib ki, əldə edilən materialların surətləri cavabdeh tərəfin nümayəndələrinə təqdim edilsin və onların materiallarla tanış olub cavab hazırlaması üçün sənədlərin təhvil verildiyi tarixdən etibarən azı bir ay vaxt ayrılsın.
O, tələb olunan materiallar əldə edilənə, şahidlər dinlənilənə və cavabdeh tərəfə verilən müddət başa çatanadək işə mahiyyəti üzrə baxılmasının təxirə salınmasını, həmçinin vəsatətin hər bir tələb üzrə ayrıca əsaslandırılmış qərardadla həll olunmasını istəyib.


