Rusiya: Gürcüstanın bəzi içkilərinin idxalına qoyulan məhdudiyyətlərin siyasi əsası yoxdur
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın bəzi içkilərinin Rusiyaya idxalına qoyulan məhdudiyyətlərin məqsədyönlü olduğunu və heç bir siyasi əsasının olmadığını bildirib.
InterPress.ge xəbər verir ki, Zaxarova Rusiyaya bir sıra gürcü içkilərinin idxalının qadağan edilməsi ilə bağlı suala cavab verərkən məsələnin Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) səlahiyyətlərinə aid olduğunu qeyd edib.
“Qoyulan məhdudiyyətlər məqsədyönlüdür. Tamamilə adi prosedurdan siyasi amillər yaratmağa və spekulyasiya etməyə necə cəhd göstərildiyini görürük. Burada əlavə məna axtarmağa ehtiyac yoxdur. Heç bir siyasi əsas yoxdur. Məhsulları idxal edənlərə müəyyən tələblər təqdim edilib.
Deyə bilərəm ki, Rusiyaya onlarla Gürcüstan şirkəti məhsul idxal edir. Pozuntular yalnız bir neçə müəssisədə aşkar edilib. Qalan bütün şirkətlər bizim bazarda problemsiz fəaliyyətlərini davam etdirirlər. Bu bazar Gürcüstan üçün prioritetdir”, – deyə Zaxarova bildirib.
Məlumat üçün bildirək ki, Rusiya bəzi Gürcüstan şirkətlərinin məhsullarının idxalına qadağa qoyulduğunu açıqlayıb. “Rospotrebnadzor” oktyabrın 9-dan etibarən Rusiya Federasiyasına ərzaq məhsullarının idxalının və dövriyyəsinin dayandırılması məqsədilə müvəqqəti sanitariya tədbirinin tətbiq edildiyini bildirib.
Qadağa aşağıdakı şirkətlərə şamil olunub: “Teliani Valley”, “Tbilvino”, “Askaneli Brothers”, “Wineman”, “Georgian Beer Company”, “Coca-Cola” və “Nabeghlavi”.


