
Bu şəxslərin maaşları və yardımları artırılır
2022-ci ildə təhsil və elmin maliyyələşdirilməsinə 2 091 000 000 lari ayrılır.
InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xuçişvili gələn ilin büdcə layihəsinin yenidən hazırlanmış variantını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, bələdiyyələrin maliyyəsi ilə məktəbəqədər təhsilə 380 000 000 laridən çox vəsait xərclənəcək və bu vəsait çərçivəsində bağça işçilərinin maaşları 100 lari artırılacaq.
"Ümumi təhsilin maliyyələşdirilməsi 1 360 000 000 lari təşkil edir. Ayrılmış məbləğ çərçivəsində aşağıdakılar nəzərdə tutulur: dövlət məktəblərində statuslu müəllimlərin əlavələrinin 100 lari, dövlət məktəblərinin inzibati işçilərinin maaşlarının 10% artırılması, məktəb resurs işçilərinin maaşlarının 100 lari artırılması, tikinti-bərpa və məktəblərin təchiz edilməsinə - 160,8 milyon lari, peşə təhsilinin maliyyələşdirilməsinə 119 milyon lari, o cümlədən peşə kolleclərinin tikintisi və bərpasına 46 milyon laridən çox, ali təhsil və elmin maliyyələşdirilməsi isə 232 milyon lari ayrılır”, - deyə maliyyə naziri Laşa Xuçişvili bildirib.
Eyni zamanda, nazirin sözlərinə görə, gələn il ünvanlı sosial proqramların maliyyələşdirilməsinə bir milyard laridən çox vəsait ayrılacaq.
Onun qeyd etdiyinə görə, ağır əlilliyi olan və 18 yaşınadək əlilliyi olan şəxslərə verilən sosial yardım 25 lari, müharibə veteranlarına verilən 22/44 lari isə 100 lariyə qədər artırılır.
O bildirib ki, bu ilin iyul ayından sosial cəhətdən həssas uşaqlara yardım tam il üçün əlavə 75 milyon lari ayrılıb, uşağa qulluq proqramlarının maliyyələşdirilməsi isə 52 milyon lari təşkil edir.
Yüksək dağlıq yaşayış məntəqələrində müxtəlif sosial proqramlara 75 milyon lari, pensiya sistemi üzrə dövlət öhdəliklərinin maliyyələşdirilməsinə 250 milyon lari, bələdiyyələr tərəfindən maliyyələşdirilən sosial proqramlara isə 280 milyon lari ayrılıb.