Ermənistanın Səhiyyə naziri: "Bizim anti-epidemioloji sistemimiz Gürcüstanınkından daha güclüdür"
Ermənistanın Səhiyyə naziri, Arsen Torosian Gürcüstanda koronavirusun yayılmasının göstəricilərini şübhə altına alıb.
InterPress.ge xəbər verir ki, nazirin bəyanatını erməni mətbuatı yayır.
Panorama am-ın yazdığına görə, İctimai Şuranın onlayn iclasında Torosian, Ermənistan və Gürcüstanda təsdiqlənmiş koronavirus hallarının sayı arasındakı fərqdən danışıb.
″Bizim anti-epidemioloji sistemimiz Gürcüstanınkından daha güclüdür″, - deyə nazir qeyd edib.
O, əlavə edib ki, Ermənistan qonşu ölkələrdə güclü anti-epidemioloji sistemlərin olmasında maraqlıdır.
Ermənistanın Səhiyyə Nazirliyinin rəhbəri Gürcüstan və Ermənistanın metodologiyalarındakı fərqdən də danışıb.
Torosian, Gürcüstanda sətəlcəmdən dünyasını dəyişənlərin, lakin eyni zamanda Covid 19 diaqnozu qoyulanların statistikada olub-olmaması ilə də maraqlanıb.
Nazir qeyd edib ki, Gürcüstandan keçərək Ermənistana gəlmiş şəxslərin, o cümlədən sürücülərin test olunaraq, cavabların müsbət olması hallarına rast gəlinir.
Qeyd edək ki Ermənistanda son bir gündə yeni növ koronavirusa 322 yoluxma halı qeydə alınıb, 4 nəfər isə dünyasını dəyişib. Cəmdə ölkədə virusdan 74 nəfər vəfat edib. Mayın 22-nə olan göstəricilərə əsasən, epidemiyanın başlamasından sonra, Ermənistanda artıq 5928 nəfərin Covid 19-a yoluxması müəyyən olunub. Bu günə kimi, xəstəxanalarda 2952 nəfər müalicə olunur, 2874 nəfər isə sağalıb.