KİV: "Almaniya Aİ- dən Ukraynaya 9 milyard avroluq maliyyə yardımını əngəlləyir"
Almaniya Avropa İttifaqından Ukraynaya 9 milyard avroluq maliyyə yardımını əngəlləyir.
InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mətbuatı İtaliya nəşrinə istinadən yayıb.
KİV-in məlumatına görə, Almaniyanın maliyyə naziri Kristian Linder Avropa İttifaqının Ukraynaya ayırdığı doqquz milyard avroluq maliyyə tranşını əngəlləyir və indiyədək cəmi bir milyard avronun çatdırılmasına razılaşıb. Nəşr yazır ki, Almaniyanın maliyyə naziri Covid pandemiyası zamanı olduğu kimi ümumi Avropa krediti vasitəsilə Ukraynaya vəsait ayrılmasına qarşıdır.
Medianın yazdığına görə, Linder öz mövqeyini onunla izah edir ki, sentyabrda Ukrayna 900 milyon avroluq xarici borcunu ödəyə bilməyəcək.
Bundan əvvəl Ukrayna hakimiyyəti büdcənin aylıq kəsirinin beş milyard dollar təşkil etdiyini və bu vəsaiti tərəfdaşlardan gözlədiyini qeyd edib. Nəşrin jurnalistlərinin fikrincə, tranşın gecikməsi Ukraynanın Almaniyadakı səfiri Andriy Melnikin işdən çıxarılmasının səbəblərindən biri ola bilər.
Avropa Komissiyası yazda Ukraynaya doqquz milyard avroluq maliyyə yardımı paketi təklif edib, bundan sonra Aİ-yə üzv ölkələrin liderləri tranşı təsdiqləyiblər. Qeyd olunan məbləğ Ukraynaya 25 il müddətinə, faizsiz kredit kimi təklif edilib. Bir milyard avro məbləğində Avropa yardımının birinci tranşı iyulun 7-də Avropa Parlamenti tərəfindən təsdiqlənib.


