Gürcüstanda köhnə avtomobillərin idxalı qadağan oluna bilər
Ölkəyə köhnə avtomobillərin idxalı qadağan oluna bilər.
InterPress.ge xəbər verir ki, bu barədə
Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin atmosfer havası bölməsinin rəhbəri Noe Meqrelişvili bildirib.
Onun açıqlamasına görə, söhbət Avro 5-dən aşağı standartda olan avtomobillərin idxalının məhdudlaşdırılmasından gedir ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərə təsir edəcək.
Onun sözlərinə görə, sözügedən təşəbbüsün həyata keçirilməsi atmosfer havasına zərərli maddələrin atılmasının azaldılmasına əhəmiyyətli töhfə verəcək.
Noe Meqrelişvilinin qeyd etdiyinə görə, bu istiqamətdə işlərə başlanılıb və icra mexanizmi işlənib hazırlandıqdan sonra müvafiq qanunvericilik dəyişiklikləri təsdiq olunmaq üçün parlamentə təqdim olunacaq.
Onun bildirdiyinə görə, qanunvericilik dəyişiklikləri həyata keçirildikdən sonra "Avro 5" standartından aşağı olan avtomobillərin idxalına məhdudiyyət qoyulacaq.
"Biz mütləq avtomobillərin emissiya standartını tətbiq etməliyik, yəni köhnə və çirkli avtomobillərin ölkəyə idxalını məhdudlaşdırmalıyıq. Bu olmadan, bu prosesi sürətləndirmək çətin olacaq (ətraf havanın keyfiyyətinin yaxşılaşdırılması). Bu istiqamətdə işlərə başlanılıb. Biz araşdırma apardıq ki, bu dövr üçün Gürcüstanda hansı emissiya standartının tətbiqi realdır. Bilirsiniz ki, yanacağın Avro standartları olduğu kimi avtomobillər də var və biz araşdırma apardıq ki, Avro standartından aşağı olan avtomobilə qadağa qoyula bilər və bu araşdırma ölkədə Avro 5 standartının tətbiqinin real olduğunu ortaya çıxardı. Texniki reqlamentin işçi variantı işlənib hazırlanıb, bu, sadəcə olaraq razılaşdırılmalı olan icra mexanizmidir ki, avtomobillərin sərhəddə ilkin qeydiyyatı zamanı ona necə nəzarət və tətbiq olunacaq. İcra mexanizmi işlənib hazırlandıqdan sonra müvafiq qanunvericilik dəyişiklikləri hazırlanacaq və təsdiq üçün parlamentə təqdim olunacaq", - deyə Noe Meqrelişvili bildirib.


