Gürcüstana qayıdan şəxslərə qrant veriləcək
Mühacirətdən qayıdan 88 Gürcüstan vətəndaşına gəlir mənbəyinin yaradılması və özünü məşğulluq üçün qrant veriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın işğal olunmuş ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər yayıb.
Məlumata görə, geri qayıdan miqrantların reinteqrasiyasına yardım üzrə dövlət proqramı Məcburi Köçkünlər, Ekomiqrantlar və Həyat Təminatı Agentliyi tərəfindən həyata keçirilir və onun məqsədi reinteqrasiya prosesini dəstəkləməkdir.
“Proqram iştirakçıları öz fəaliyyətlərinə başlamaq və ya genişləndirmək üçün lazımi avadanlıqları özləri seçirlər. Onların vətənə qayıtdıqdan sonra gəlir mənbəyinin olması və ölkəni tərk etməməsi vacibdir. Agentlik ildə iki dəfə gəlirli layihələri maliyyələşdirmək istəyənlərin müraciətlərinin qəbulunu elan edir. Reinteqrasiya yardımı üzrə dövlət proqramında həmçinin peşə təhsilinin təşviqi, tibbi yardım və müvəqqəti yaşayış yerləri nəzərdə tutulur” - deyilir.


