26 
Fev
2023
14:34
1297

Xocalıda əli azərbaycanlılarımızın qanına bulaşan cinayətkara Gürcüstanda abidə qoyulur, biz isə...

1994-cü ildə Gürcüstanın Axalkalaki rayonunda Xocalıda körpə, yaşlı, qadın, gənc deməyib azərbaycanlılarımızı qanına qəltan edən Qarabağ müharibəsi iştirakçısına, separatçı və cinayətkara büst qoyuldu. 2019-cu ildə 20 Yanvar tarixində - bütün dünya azərbaycanlıları üçün hüzn günü olan bir tarixdə isə eyni separatçı və cinayətkarın büstü yenidən yenilənib Ermənistanın Gürcüstandakı səfirinin və Gürcüstanda yüksək vəzifə tutmuş digər erməni əsilli dövlət adamlarının iştirakı ilə təmtəraqlı şəkildə açılışı oldu.

Erməni Gürcüstanda yüksək vəzifə tutanda dərhal tarixlərini hər bir yolla yaşatmağa çalışır, nəsildən-nəsilə ötürməyə çalışır. Qarabağda, 20 Yanvarda, Abxaziyada, Osetiyada, döyüşən, canlarını qurban verən, şəhid olan neçə Gürcüstan azərbaycanlısı var. Onların adlarının əbədiləşdirilməsi üçün bizlər nə etmişik? Təəssüf ki, bizimkilər ermənilərdən fərqli olaraq Gürcüstanda vəzifə sahibi olanda Gürcüstan azərbaycanlısı olan şəhidlərin (həmçinin, Gürcüstanın müstəqilliyi uğrunda vuruşanlar) adlarını əbədiləşdirmək üçün, onların adını hansısa bir küçəyə, parka verilməsi üçün çalışmayıblar, belə desək yadlarından çıxıbdır. Mediada bu qəhrəmanlarımız yalnız Axalkalakidə, eləcə də buna bənzər problem yaşanandan sonra yada düşməli deyil. İlin 4 fəslində bütün media orqanlarında bu qəhrəmanlar daima yad edilməlidir, xalqa tanıdılmalıdır.

Erməni 1994-cü ildə qəhrəman hesab etdiyi cinayətkara büst qoyur, biz isə sahib olduğumuzu belə qoruyub saxlaya bilmirik. 

Sual olunur N.Nərimanovun adı müəyyən yerlərdən götürülənd bizim məsul şəxslər hara baxırdı?

30 il ərzində Gürcüstanda hakimiyyət azı 10 dəfə dəyişdi, iqtidar olan müxalifətdə oldu, müxalifət olan iqtidarda oldu, amma dəyişməyən bir şey oldu, milli dəyərlər ayaqlar altında tapdandıqca, milli dəyərlər silindikcə, milli dəyərlərə qarşı olan “laqeydlik, etinasızlıq, biganəlik, ögey münasibət” heç dəyişmədi.

Tbilisidə görkəmli azərbaycanlıların adlarını daşıyan küçələr var, amma həmin küçələrin əksəriyyəti yalnız Tbilisi xəritəsində qeyd olunub. Mir Həsən Vəzirov 26 Bakı komissarlarından olduğu üçün adının dəyişdirilməsi və Tbilisidə anadan olmuş dünyaşöhrətli müğənni Rəşid Behbudovun adının verilməsi gözlənilirdi. Bir azərbaycanlının adı götürüləndə başqa bir azərbaycanlının adının verilməsi gözləniləndir, deyilmi? Amma çifayda, başqa bir gürcünün adı verildi, baxmayaraq ki, Rəşid Behbudovu bütün dünya sevir.

Tbilisidə Mirzə Şəfi Vazeh küçəsində yerləşən N. Nərimanovun Ev Muzeyini hansısa investor otel tikmək məqsədi ilə dağıtdı. Yenə sağ olsun SOCAR, yiyəlik edib N. Nərimanov adına bir Xatirə Muzeyi tikib təhvil verdi. Bəs xəbəriniz varmı Tbilisidə Cəlil Məmmədquluzadənin adına da bir ev muzeyi var. Əminəm ki, 99.9 % bu muzeyin qapısının haradan açıldığını belə bilmir. Sizlərdə heç bir günah yoxdur, çünki, bu muzey, muzey kimi fəaliyyət də göstərmir, çox bərbad bir haldadır, ciddi təmirə ehtiyacı var. Bizlərə isə ümid etmək qalır ki, muzey təmir olunana qədər bu muzeyin də aqibəti N. Nərimanovun ev muzeyinki kimi olmayacaq, N. Nərimanovun xatirə muzeyi tikilənə qədər, ev muzeyindən bir çox əşyalar yoxa çıxdı, it-bat oldu, eynilə də C. Məmmədquluzadənin ev muzeyindən...

Aradabir yaşadığımız ölkənin, eləcə də qonşu ölkənin təcrübəsindən yararlanmaq da pis olmazdı. Təsəvvür edin, Kutaisidə “Sataplia” adlanan yer var, guya ki, dinozavrların məskəni olubdur, “dinozavrların ayaq izləri” hər il neçə turisti cəlb edir. Yaxud, bir çoxlarının sevimli yeri olan Siqnaxi şəhərinə turistləri cəlb etmək üçün ad uydurublar “Sevgilər şəhəri”, halbuki bu şəhərin sevgi yaxud sevgililərlə bağlı heç bir tarixçəsi yoxdur. Gürcü heç nədən hər şey yaradır, biz isə zəngin mədəniyyətimizi qorumağa belə qadir deyilik, çünki bixəbərik.

İstər gürcü, istərsə də erməni tarixlərini, mədəniyyətlərini yaşadır, biz isə olan-qalanı da itirə-itirə gedirik...Tibb fakültəsində oxuyan bir gürcü mənə dəqiq elmləri bilmək vacibdir, humanitar fənlər nəyimə gərəkdir demir, kimya ilə yanaşı tarixini, ədəbiyyatını da mükəmməl öyrənir. 

Eynilə də bizlər ilk növbədə ANA dilimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi mükəmməl bilməliyik!

Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini bilməyən, dərk etməyən gənclər mədəniyyətimizdən, tarixi keçmişimizdən də bixəbər olacaqlar, bu da öz növbəsində VƏTƏNPƏRVƏRLİK hissinin sönməsinə, tədricən ölməsinə gətirib çıxardacaq. Tarixi keçmişimizdən, mədəniyyətimizdən bixəbər olanlarda heç vaxt milli dəyərləri qoruyub saxlamaq hissi, bağlılığı olmayacaq. Bu kimi insanlar heç vaxt Nərimanovu müdafiə etməyəcəklər, hansısa bir investor gəlib C. Məmmədquluzadənin ev muzeyini dağıdıb yerində otel tikmək istəyəndə buna biganə qalacaqlar. Gələcək fəsadlarla üzləşməmək üçün milli sərvətimizi, milli dəyərlərimizi göz bəbəyimiz kimi qoruyaq, nəsildən-nəsilə ötürək!

 

1994-cü ildə erməni məmurları əli insan qanına bulaşmış bir cinayətkara abidə ucaldır, biz isə Üzeyir Hacıbəyovu, Hacı Zeynalabdin Tağıyevi, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlınskini eləcə də minlərlə ziyalılarımızı represiyadan, güllələnməkdən xilas edən, həkim kimi insanlara şəfa verən, müəllim kimi azərbaycanlılarımıza ziya, təhsil, təlim-tərbiyə verən N. Nərimanovun adının Marneuli Mədəniyyət Evindən götürülməsinə, Qızılhacılı kənd məktəbindən götürülməsinə, vaxtilə onun adını daşıyan küçədən götürülməsinə etiraz edə bilməyib, lal-dinməz olub HEYKƏL kimi hələ də kənardan müşahidə etməkdəyik...

Başımız əhlət daşına dəyəndən sonra da bu laqeydlik, biganəlik, etinasızlıq, ögey münasibət yenə də davam edəcəkmi? Ziyanın yarısından qayıtmaq da xeyirdir deyib atalarımız...Bu sağlam tənqiddən məsul şəxslərin nəticə çıxarması ümidi ilə...

Aygül İsayeva

Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor İqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın