5 nəfər qanunsuz silah və sursat saxlama ittihamı ilə saxlanıldı
Gürcüstanın müxtəlif bölgələrində keçirilən polis əməliyyatları nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və daşımaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, Tbilisi, Kvemo Kartli, İmereti, Şida Kartli və Samtsxe-Cavaxeti Polis Departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən profilaktik polis tədbirləri nəticəsində 5 nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının apardığı şəxsi, avtomobil və yaşayış evlərində axtarışlar zamanı maddi sübut kimi müxtəlif modellərdə odlu silah və döyüş sursatı götürülüb.
Götürülənlər arasında 2 avtomat, 3 tapança, 6 daraq, səsboğucu və 41 patron olub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


