Səs-küy normalarını aşmağa görə cərimələr artır
Parlament üçüncü oxunuşda akustik səs-küyün yol verilən normalarının aşılması pozuntuları ilə bağlı “Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini 80 səslə qəbul edib.
InterPress.ge xəbər verir ki, “İnzibati Xətalar Məcəlləsinə” daxil ediləcək dəyişikliyə əsasən, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda və ya dövlət qurumunun binasında yol verilən akustik səs-küy normalarını aşmağa görə cərimənin məbləği artırılacaq.
Qanun layihəsinə əsasən, birinci halda cərimənin məbləği fiziki şəxs üçün 150 lari, hüquqi şəxs və fərdi sahibkar üçün 1500 lari olacaq. Təkrarlandığı halda cərimənin məbləği fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər və fərdi sahibkarlar üçün 5000 lari olacaq. Üçüncü və hər bir sonrakı halda cərimənin məbləği fiziki şəxs üçün 1000 lari, hüquqi şəxs və fərdi sahibkar üçün isə 10 000 lari müəyyən edilir.


