Fransa prezidenti Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Fransa prezidentinin administrasiyasının Makronla Netanyahu arasında telefon danışığından sonra dərc etdiyi bəyanatda deyilir.
Makron xüsusilə Netanyahunu Kerem Şalom sərhəd keçidini yenidən açmağa çağırır.
Məlumat üçün bildirək ki, dünən İsrailin anonim yüksək rütbəli məmuru media ilə söhbətində qeyd edib ki, humanitar yardım maşınlarının yoxlanılması üçün sözügedən sərhəd məntəqəsinin yaxın vaxtlarda açılması planlaşdırılır. Sözügedən qərarın Qəzza zolağına daxil olan humanitar yardımı artıracağı gözlənilir.
Telefon danışığında Fransa prezidenti “Qəzzada dinc əhalinin qorunmasının zəruriliyindən” də danışıb və uzunmüddətli atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.
“İsrail məskunlaşanların İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılığına son qoymaq üçün lazımi tədbirləri görməlidir”, - Makron bildirib.


