08 
Okt
2026
10:22
76

Avropa Parlamentində bu gün Gürcüstanla bağlı qətnaməyə səs veriləcək

Avropa Parlamentində bu gün “Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarını qadağan etmək cəhdləri” ilə bağlı qətnaməyə səs veriləcək.

InterPress.ge xəbər verir ki, beş siyasi qrupun birgə hazırladığı qətnamə layihəsində Avropa Parlamenti Gürcüstanın müxalifət partiyalarının qadağan olunması cəhdlərini sərt şəkildə pisləyir və onlara qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın dərhal geri götürülməsinə çağırır.

Qətnamə layihəsində Avropa Parlamenti fəaliyyət göstərən siyasi müxalifətin demokratiyanın ayrılmaz dayağı olduğunu vurğulayır və legitim siyasi müxalifətin məhkəmə vasitəsilə aradan qaldırılmasının demokratiya ilə ziddiyyət təşkil etdiyini bildirir.

Qətnamədə Avropa Parlamenti:

- Gürcüstan parlamentində təmsil olunan yeganə müxalifət partiyasının qadağan edilməsinin hakimiyyətin hədəfinin yalnız “boykot edən” partiyalar olduğu barədə əvvəlki narrativi aradan qaldırdığını qeyd edir;

- bütün siyasi məhbusların, o cümlədən Elene Xoştariya, Mzia Amaglobeli, Mixeil Saakaşvili, Giorgi Baramidze və Nika Melianın, eləcə də dinc etirazlara görə həbs edilən bütün şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır;

- siyasi motivli “sabotaj” ittihamlarının ləğv edilməsinə çağırır;

- qadağan olunmuş partiyalarla əlaqəli partiya və şəxslərə qarşı qeyri-mütənasib qadağalara imkan verən müddəaların geri götürülməsinə çağırır;

- siyasi rəqibləri susdurmaq üçün qanunvericilikdən və dövlət institutlarından sui-istifadə edilməsini pisləyir;

- Avropa siyasi fondlarının fəaliyyətinə maneələrin dayandırılmasına çağırır;

- Gürcüstanda vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq, Avropa İttifaqı və üzv dövlətlərin əksəriyyətinin konkret nəticələr yaratmaq üçün davamlı olaraq tədbir görməməsindən təəssüfünü bildirir;

- demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə görə məsuliyyət daşıyan şəxslərə, ilk növbədə Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili və Kaxa Kaladzeyə qarşı fərdi sanksiyalar və viza qadağaları tətbiq edilməsi ilə bağlı çağırışını təkrarlayır;

- gürcü xalqının Avropa istəklərinə dəstəyini bir daha ifadə edir;

- formalaşmış siyasi partiyaların qadağan olunmasına yönələn istənilən cəhdin Gürcüstanı Avropa İttifaqından uzaqlaşdıracağı və ölkənin Aİ-yə üzvlüyü istiqamətində hər hansı addımı istisna edəcəyi barədə əvvəlki xəbərdarlığını təkrarlayır;

- Avropa Parlamentinin prezidentinə qətnaməni Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Ali nümayəndəyə, üzv dövlətlərə və Gürcüstanın “özünü hökumət elan etmiş” hakimiyyətinə göndərməyi tapşırır.

Qətnamə layihəsinin müəllifləri Avropa Xalq Partiyası (EPP), Sosialistlər və Demokratlar (S&D), Avropa Mühafizəkarları və İslahatçıları (ECR), “Renew Europe” və Yaşıllar/Avropa Azad Alyansı (Greens/EFA) siyasi qruplarının nümayəndələridir.

Bizimlə əlaqə saxlayın