İrakli Kobaxidze: Mestia və Telavi hava limanları 2028-ci ildə istifadəyə veriləcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Mestia və Telavi hava limanları 2028-ci ildə istifadəyə veriləcək. Hər iki layihənin başa çatdırılmasından sonra hava limanlarının hər birinin ildə 50 min sərnişinə xidmət göstərməsi mümkün olacaq.
InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə hökumətin iclasında bildirib.
“2025-2026-cı illərdə aviasiya bazarına 10-dan çox yeni şirkət və aviareys istiqaməti əlavə olunub. Ötən il aviasiya sektoru üçün misli görünməmiş dərəcədə uğurlu olub. Üç beynəlxalq hava limanı ümumilikdə 8,5 milyon sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 14 faizlik artımdır. Reyslərin sayı isə 16 faiz artıb.
Kutaisi Beynəlxalq Hava Limanı layihəsi də çox önəmlidir. Kutaisi hava limanının yeni, 3,5 kilometrlik uçuş-enmə zolağı və digər aerodrom infrastrukturu planlaşdırılandan əvvəl istifadəyə veriləcək. Bunun nəticəsində Kutaisi hava limanının imkanları əhəmiyyətli dərəcədə genişlənəcək və hava limanı böyük ölçülü təyyarələrə də xidmət göstərə biləcək. Bu, xüsusilə vacibdir.
Həmçinin bu müddət ərzində “TAV” şirkəti ilə çox mühüm müqavilə imzalanıb. Uğurlu danışıqlar apardıq. Bu danışıqlar nəticəsində əlavə 150 milyon dollar investisiya cəlb etdik. Bu investisiyanın nəticəsində Tbilisi Beynəlxalq Hava Limanının sərnişin buraxılış qabiliyyəti iki dəfə artırılacaq və 10 milyon sərnişinə çatdırılacaq.
Uğurlu danışıqlar nəticəsində dövlət üçün gəlirlərin əldə edilməsi şərtləri də yaxşılaşdırılıb. Belə ki, dövlətin illik gəliri əvvəlki müqavilə ilə müqayisədə 3,5 dəfə artacaq. Bu isə 5 il ərzində dövlətin xeyrinə əlavə olaraq on milyonlarla lari deməkdir.
Telavi və Mestia hava limanlarının tikintisi fəal şəkildə davam edir. 2028-ci ildə həm Mestia, həm də Telavinin yeni hava limanları istifadəyə veriləcək. Bu hava limanlarından əsasən daxili aviasiya əlaqələri üçün istifadə olunacaq. Hər iki layihə həyata keçirildikdən sonra həm Mestia, həm də Telavi hava limanı 50 min sərnişinə xidmət göstərə biləcək”, – deyə Kobaxidze bildirib.
Baş nazir Gürcüstan Dəmir Yolları haqqında da danışaraq, konkret bir sektorun keyfiyyətcə necə dəyişdirilə biləcəyinin bariz nümunəsinin Gürcüstan Dəmir Yolları olduğunu qeyd edib.
Onun sözlərinə görə, dəmir yollarında mühüm optimallaşdırma həyata keçirilib. Kadr optimallaşdırılması nəticəsində ümumilikdə ştat sayı 1100 vahid azaldılıb və illik 25 milyon lari qənaət əldə olunub.
“Bu vəsaitlərin hamısı gələcəkdə dəmir yollarının inkişafına yönəldiləcək və bu da iqtisadiyyatın daha da inkişafına kömək edəcək. Həmçinin satınalmaların optimallaşdırılması və müqavilə dəyərinin azaldılması hesabına 190 milyon laridən çox vəsaitə qənaət edilib.
Bunun son nümunələrindən biri vaqonların satın alınmasıdır. Ümumilikdə artıq 200 vaqon almışıq, yaxın aylarda əlavə 200 vaqonun alınması planlaşdırılır. İlkin plana əsasən, bu satınalma vasitəçi şirkət vasitəsilə həyata keçirilməli idi. Lakin Gürcüstan Dəmir Yolları bu prosesi özü həyata keçirərək vaqonları birbaşa xarici şirkətdən satın aldı. Nəticədə ümumilikdə 400 vaqon üzrə 15 milyon laridən çox qənaət əldə olunacaq.
Bu, dövlətçilik yanaşmasının ifadəsidir. Mühüm dəyişikliklər həyata keçirilir və bu dəyişikliklərin konkret, real nəticələri var. O cümlədən bütün bunlar dövlətin müxtəlif istiqamətlər üzrə on milyonlarla və yüz milyonlarla lariyə qənaət etməsində özünü göstərir”, – deyə İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, müstəqillik tarixində ilk dəfə dəmir yollarının hərəkət heyətinə 50-yə yaxın yeni lokomotiv əlavə ediləcək.
“1990-cı illərin əvvəllərindən bəri belə bir şey həyata keçirilməyib. Bu da çox mühüm dəyişiklikdir. Tender artıq elan olunub. Bundan əlavə, 1800 yeni vaqon və 10 yeni sərnişin qatarının alınması planlaşdırılır. Bu, dəmir yollarının imkanlarını keyfiyyətcə dəyişəcək və bizim üçün prioritet istiqamətlərdən biridir.
Həmçinin xatırladım ki, cəmi bir neçə ay əvvəl Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti istifadəyə verilib. Bu, beynəlxalq tranzit funksiyamızın inkişafı üçün son dərəcə vacibdir. Həmçinin 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunub ki, bunun da bizim üçün böyük əhəmiyyəti var.
Dəmir yollarında tarixi modernləşdirmə layihəsi başa çatdırılıb. Nəticədə daşıma qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, həmçinin ölkəni keçmə müddəti iki dəfə azaldılıb. Bunun əlaqələndirici funksiyamızın gücləndirilməsi baxımından nə qədər böyük əhəmiyyət daşıdığını özünüz də qiymətləndirə bilərsiniz”, – deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Tbilisidən Batumiyə sərnişin səfərinin müddəti 5,5 saatdan 4 saata endirilib.
“Bu da, əlbəttə, vətəndaşlarımız və qonaqlarımız üçün daha böyük rahatlıq deməkdir. Tarixi “Kukuşka” qatarının bərpası da mühüm layihələrdən biridir. Həmçinin Tbilisi-Axalsixe dəmir yolu xətti tamamilə fəaliyyətsiz vəziyyətdə idi və dayanmışdı. Bu xətt bərpa ediləcək. Əvvəllər 6 saat təşkil edən səfər müddəti 3 saata endiriləcək. Bu da müəyyən edilmiş müddətlərdə həyata keçiriləcək çox mühüm layihədir.
Dəmir yolu xidmətləri rəqəmsallaşdırılıb və sərhəd prosedurlarının müddəti 15 saatdan 2 saata endirilib. Prosedurların müddəti 7,5 dəfə azaldılıb ki, bu da əlaqələndirici funksiyamızın lazımi səviyyədə həyata keçirilməsi baxımından vacibdir.
Dəmir yollarının xalis mənfəəti də artıb. Cari ilin ilk 9 ayının göstəricilərini ötən ilin ilk 9 ayı ilə müqayisə etdikdə, xalis mənfəətin iki dəfə artdığını görürük. Bunlar dəmir yolu sahəsində əldə etdiyimiz konkret və real nəticələrdir”, – deyə İrakli Kobaxidze bildirib.


