Skandinaviya və Baltikyanı ölkələr Gürcüstan hakimiyyətinə çağırış ediblər
"Biz ölkənin daha dərin qütbləşmə və böhran yoluna getməsindən narahatıq. İctimaiyyətin demokratik təsisatlara inamını bərpa etmək üçün Gürcüstana təcili olaraq böhrandan çıxış yolu lazımdır"
InterPress.ge xəbər verir ki, bu barədə Skandinaviya və Baltikyanı ölkələrin (Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norve, İsveç) xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
“Biz Gürcüstandakı vəziyyətdən ciddi narahatıq. 26 oktyabr parlament seçkilərindən əvvəl və seçkilər zamanı müşahidə edilən pozuntuların hərtərəfli və qərəzsiz araşdırılmasını tələb edir, dinc nümayişçilərə, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılıq və hədə-qorxuları pisləyir, prezident Zurabişviliyə qarşı yönəlmiş təhdidləri pisləyirik”, - deyə bəyanatda bildirilir.
Skandinaviya və Baltikyanı ölkələr Gürcüstan hakimiyyətini böhrandan çıxmaq üçün təcili addımlar atmağa, o cümlədən ATƏT-in seçki tövsiyələrini yerinə yetirməyə və bu tövsiyələr əsasında yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə çağırır.
“Gürcüstanın çoxdankı dostları və gürcü xalqının Avropa istəklərinin tərəfdarları kimi biz ölkənin daha dərin qütbləşmə və böhran yolunda olmasından narahatıq. Demokratik təsisatlara ictimai inamı bərpa etmək üçün Gürcüstana təcili olaraq böhrandan çıxış yolu lazımdır. Biz Gürcüstan hakimiyyətini bu istiqamətdə təcili addımlar atmağa, o cümlədən ATƏT-in seçki tövsiyələrini yerinə yetirməyə və bu tövsiyələr əsasında yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda bildirilir.


