Marneuli meriyasında çağırışçılar üçün hərbi xidmətlə bağlı dəyişikliklər müzakirə olunub
Marneuli Bələdiyyəsinin meri Kənan Omarov, Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Çağırış və Rekrutasiya üzrə Milli Agentliyinin Kvemo Kartli regional mərkəzinin nümayəndəsi, baş serjant İrakli Xvedelidze və bu mərkəzin Marneuli şöbəsinin rəhbəri, vitse-polkovnik Mixeil Andğuladze ilə görüş keçirib.
InterPress.ge xəbər verir ki, görüşdə 2025-ci ildən etibarən çağırışçıların milli hərbi xidmətinə aid dəyişikliklər müzakirə olunub.
Belə ki, dəyişikliklər Gürcüstanın Müdafiə Məcəlləsi çərçivəsində təsdiqlənib və cari ildən etibarən tətbiq ediləcək.
Qanunvericiliyə əsasən, 2025-ci ildən çağırışçıların seçimi təsadüfi seçim prinsipi ilə aparılacaq və hərbi xidmət yalnız Gürcüstan Müdafiə Nazirliyi sistemində mümkün olacaq.
Görüşdə Marneuli Meriyasının Administrativ Xidmətinin rəhbəri Mamuka Şubitidze və bələdiyyənin digər nümayəndələri də iştirak ediblər.
Yeni hərbi xidmət şərtləri
✔ Döyüş bölmələri – 6 ay, aylıq maaş 765 lari
✔ Döyüş dəstək və təminat bölmələri – 8 ay, aylıq maaş 635 lari
✔ Kiçik komandir və xüsusi təyinatlı vəzifələr – 11 ay, aylıq maaş:
- Sərjantlar üçün – 1275 lari
- Zabitlər üçün – 1530 lari
Hərbi xidməti 11 ay ərzində tamamlayan şəxslər ehtiyat qüvvələrinə daxil ediləcək.
Könüllü hərbi xidmət şərtləri
Milli hərbi xidmətə könüllü olaraq yazılan çağırışçılar 30% daha yüksək maaş alacaqlar.
Bu dəyişikliklərin məqsədi, Gürcüstanda hərbi xidmət sistemini gücləndirmək və çağırışçıların xidmət şərtlərini daha cəlbedici etməkdir.


