Fransa prezidenti: “Ukraynada sülh, yəqin ki, Avropa qüvvələrinin yerləşdirilməsi ilə təmin olunacaq”
"Gələn həftə Parisdə Ukraynada gələcək sülhün təminatçısı olmağa hazır olan ölkələrin baş qərargah rəislərini qəbul edəcək."
InterPress.ge xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Makronun sözlərinə görə, Ukraynada sülh “yəqin ki, Avropa qüvvələrinin yerləşdirilməsi ilə təmin olunacaq”. O, bu qüvvələrin döyüş meydanında iştirak etməyəcəyini, lakin sülh razılaşmasının tam yerinə yetirilməsini təmin edəcəyini vurğulayıb.
“Möhkəm, uzunmüddətli və nəzarət olunan sülh planı hazırlanmalıdır. Bu plan ukraynalılar və bir neçə Avropa tərəfdaşımızla birlikdə qurulacaq”, – Makron bildirib.
Fransa lideri əlavə edib ki, Avropanın gələcəyi nə Vaşinqtonda, nə də Moskvada müəyyən edilməlidir və Avropalılar öz təhlükəsizlik strategiyalarını müstəqil şəkildə formalaşdırmalıdırlar.
“Mən ABŞ-ın bizim tərəfimizdə qalacağına inanmaq istəyirəm, amma belə olmasa da, biz buna hazır olmalıyıq”, – deyə Makron vurğulayıb.


