Müsəlman məhkumlara bayram münasibətilə xüsusi diqqət ayrıldı
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) məsul əməkdaşı Hacı Anar Nurməmmədov martın 18, 19, 20, 21 və 24-də Qldani, Ksani və Rustavi cəzaçəkmə müəssisələrinə baş çəkib.
InterPress.ge xəbər verir ki, səfərlərin Novruz Bayramı münasibətilə təşkil edildiyini bildirən Hacı Anar Nurməmmədov, görüşlər zamanı müsəlman məhkumların vəziyyətinin yaxından öyrənildiyini, onların təhsil, mənəvi dəstək və digər ehtiyaclarına xüsusi diqqət yetirildiyini qeyd edib.
O vurğulayıb ki, bu görüşlər sadəcə formal xarakter daşımır:
"Əsas məqsəd məhkumların mənəvi durumunu yaxşılaşdırmaq, onlara dinin və insanlığın əsas prinsiplərini aşılamaqdır. Eyni zamanda, onların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, mənəvi vəziyyətinə diqqət yetirmək və gələcəkdə daha yaxşı həyat qurmaq imkanlarını artırmaq da prioritetlərimizdəndir."
Hacı Anar Nurməmmədov bildirib ki, Novruz Bayramı ilə yanaşı, Ramazan Bayramı münasibətilə də məhkumlara xüsusi diqqət və qayğı göstəriləcək:
"Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dövlətimizin dəstəyi çərçivəsində martın 30, 31 və aprelin 1, 2-də məhkumlara ərzaq yardımı ediləcək. Hər il olduğu kimi, bu il də Novruz, Ramazan, Məhrəmlik və Qurban bayramlarında məhkumlara ərzaq yardımı təqdim olunacaq. Bundan əlavə, idarəmiz məhkumların ailələri üçün də şərait yaradacaq ki, onlar birbaşa ərzaq məhsullarını yaxınlarına təqdim edə bilsinlər."
Müsəlman məhkumlara təqdim ediləcək ərzaq məhsulları:
- Xaşlanmış ət – 3 kq
- Plov – 2 kq
- Pendir – 2 kq
- Tort (kremsiz, şokoladsız)
- Qızardılmış və ya bozardılmış cücə
- Xiyar-pomidor – 3 kq
- Meyvə – 5 kq
Məhkumların mənəvi rifahının yüksəldilməsi və onların sosial həyata inteqrasiyasına dəstək məqsədilə bu kimi təşəbbüslərin davam etdiriləcəyi bildirilib.


