Marneulidə "Saral İnkişaf və Təhsil Mərkəzi"nin növbəti uğurlu mərhələsi qeyd olunub - FOTO
Bu gün Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində fəaliyyət göstərən "Saral İnkişaf və Təhsil Mərkəzi"nin müxtəlif kurslarını uğurla başa vuran gənclərə sertifikatlar təqdim edilib.
InterPress.ge xəbər verir ki, "Saral İnkişaf və Təhsil Mərkəzi" 5 yanvar 2025-ci il tarixində Yuxarı Saral kəndində fəaliyyətə başlayıb. Mərkəz gənclərin inkişafına və təhsilinə dəstək məqsədilə yaradılıb.
Belə ki, hazırda burada 188 yeniyetmə və gənc ingilis dili, riyaziyyat, şahmat, rəsm, gürcü dili və robototexnika üzrə ödənişsiz təhsil alır. Mərkəz könüllülük prinsipi ilə fəaliyyət göstərir.
Mərkəzin yaradılmasında iş adamı və xeyriyyəçi Rəhim Hüseynovun böyük rolu olub. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu layihə bölgə gəncləri üçün yeni imkanlar yaradıb. Mərkəz yüzlərlə gəncin bilik və bacarıqlarının artırılmasına töhfə verib.
Tədbirdə iş adamı və xeyriyyəçi Rəhim Hüseynov, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Yuxarı Saral kəndinin ağsaqqalı Əli Abbasov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Murad Muradov və "Aktual Media" rəhbəri İlkin Hüseynov çıxış edərək mərkəzin uğurlarını və gənclərə verdiyi dəyəri vurğuladılar.
Bundan əlavə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində keçirilmiş şahmat yarışında "Saral İnkişaf və Təhsil Mərkəzi"nin yetirmələri uğurla iştirak edərək Murad Muradov tərəfindən mükafatlandırıldılar.
Mərasimin sonunda məzunlara sertifikatlar təqdim edildi. Riyaziyyat və ingilis dili kurslarının məzunları səhnəyə dəvət olunaraq təltif olundular. Tədbirdə mərkəzin müəllimlərinə xüsusi təşəkkürnamələr, pul mükafatları və hədiyyələr təqdim olundu.





