DİQQƏT - Gürcüstanda vahid milli imtahanlar bu tarixdə başlayacaq
Gürcüstanda 2025-ci il üzrə imtahan prosesi 3 iyulda vahid milli imtahanlarla başlayacaq və 22 iyulda başa çatacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi məlumat yayıb.
İmtahanların ilk günündə abituriyentlər gürcü dili və ədəbiyyatı üzrə imtahan verəcəklər. 22 iyulda isə vahid milli imtahanlar təsviri və tətbiqi incəsənət üzrə imtahanla yekunlaşacaq. Müəllim imtahanlarına qeydiyyatdan keçən namizədlər 8 iyuldan imtahan prosesinə qoşulacaqlar. 10 iyulda tələbə qrant müsabiqəsi keçiriləcək. Magistratura namizədləri ümumi magistratura imtahanlarını 21 və 22 iyul tarixlərində verəcəklər.
İmtahan tarixi, imtahan yerinə gəlmə vaxtı və mərkəzin ünvanı barədə ətraflı məlumat imtahan biletlərində qeyd olunacaq. Namizədlər 20 iyundan etibarən öz qeydiyyat səhifələrindən imtahan biletlərini çap edə biləcəklər.
2025-ci ildə də imtahan mərkəzləri aşağıdakı şəhərlərdə fəaliyyət göstərəcək: Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurgeti, Rustavi, Telavi, Xulo və Ambrolauri. Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tezliklə imtahan mərkəzlərini lazımi inventarla təmin etməyə başlayacaq.
Xatırladaq ki, 2025-ci il imtahanlarına 80 minə yaxın şəxs qeydiyyatdan keçib.


