Rustaveli prospektindəki etiraz aksiyalarında dövlət əmlakına 62 min lariyə yaxın ziyan dəydiyi açıqlanıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin Hüquq xidmətinin rəhbəri Tamar Çanturaianın məhkəmədə verdiyi ifadəyə görə, Rustaveli prospektində keçirilən etiraz aksiyaları zamanı baş verən zorakılıq nəticəsində 30 noyabrdan 3 dekabradək dövlət əmlakına dəymiş ümumi ziyan 62 785 lari təşkil edib.
Etiraz aksiyalarında saxlanılan 8 nəfərin məhkəmə iclasında prokurorun “konkret hansı əmlak zədələnib” sualına cavab olaraq Çanturaia bildirib ki, ziyan Daxili İşlər Nazirliyinin balansında olan əmlaka – əsasən yanğınsöndürənlərin geyim dəstlərinə və xilasetmə texnikasına dəyib.
Onun sözlərinə görə, zədələnmiş geyimlərin ümumi dəyəri 8 894 lari, nəqliyyat vasitələrinin zədələnməsi isə 53 891 lari ilə qiymətləndirilir. Çanturaia qeyd edib ki, əşyalar əsasən yanıb, həmçinin mexaniki zədələr alıb, üzərlərinə müxtəlif boyalar səpilib və s.
Məlumata görə, saxlanılan şəxslərdən üçü – Zviad Çeçxladze, Vefxia Kasradze və Vasil Kadzelaşvili qrup halında zorakılığın təşkilində və rəhbərliyində ittiham olunur. Onlar 6 ildən 9 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Digər beş nəfər – Giorgi Gorgadze, Irakli Miminoşvili, İnsaf Əliyev, Tornike Goşadze və Nikoloz Javaxişvili isə qrup halında zorakılıqda iştirakda ittiham olunur və onlara 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.


