Batumidə iki şəxs dələduzluq ittihamı ilə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş iki şəxs dələduzluq ittihamı ilə Acarıstan bölgəsində saxlanılıb.
Nazirliyin yaydığı məlumata əsasən, Batumi Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü G.Z. və 2000-ci il təvəllüdlü B.X. adlı şəxslər tutulub.
İlkin istintaq məlumatına görə, G.Z. adlı şəxs bir vətəndaşa məxsus iki avtomobili alacağını və onların dəyərini hissə-hissə ödəyəcəyini vəd edib, lakin razılaşmanı yerinə yetirməyib. Bu yolla o, 1986-cı il təvəllüdlü E.J.-yə məxsus nəqliyyat vasitələrini ələ keçirib və zərərçəkmişə 30 167 lari məbləğində maddi zərər vurub. Bundan əlavə, G.Z.-nin başqa bir vətəndaşdan da dələduzluq yolu ilə pul aldığı müəyyən edilib.
Digər saxlanılan şəxs – B.X. isə istintaq məlumatına görə, bir müəssisəyə məxsus 50 000 laridək dəyəri olan ət məhsullarını qanunsuz mənimsəyib.
Hər iki faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə aparılır. Cinayət əməli 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


