14 
Okt
2025
14:03
1048

Yeni qanun qüvvəyə minir - Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq

Gürcüstanda maliyyə və iqtisadi cinayətlərə görə məhkum edilmiş şəxslərə ölkəni tərk etməyə zərərin tam ödənilməsinədək qadağa qoyulacaq. Yeni qanun dəyişikliyi ilə sentyabr ayında hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə qəbul edilmiş normativlər daha da sərtləşdirilir.

InterPress.ge xəbər verir ki, dəyişikliklər “Cinayət-Prosessual Məcəlləsinə”, “Gürcüstan vətəndaşlarının ölkədən çıxması və ölkəyə daxil olma qaydası haqqında qanuna”, “Cinayətlərin qarşısının alınması, azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəzaların icrası və probasiya haqqında qanuna” və “İcraat haqqında qanuna” daxil edilib.

Hazırda qüvvədə olan qanuna əsasən, maliyyə cinayətlərinə görə məhkum olunan şəxslərin ölkəni tərk etməsinə məhkəmənin hökmü ilə qadağa qoyulur. Lakin yeni layihəyə görə, bu qadağa artıq məhkəmənin hökmündə ayrıca qeyd edilmədən də tətbiq ediləcək.

Parlamentin 3 sentyabrda qəbul etdiyi əvvəlki qanuna əsasən, maliyyə və iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərə 16 il müddətinə Gürcüstanı tərk etmək qadağan edilir.

Yeni qaydalara əsasən, zərərin ödənilməsinə məcbur olan məhkum elektron bilərzik taxmaqla nəzarət altında saxlanılacaq, həmçinin onun və ailə üzvlərinin əmlakı zərərçəkmişin xeyrinə müsadirə oluna bilər.

Bundan əlavə, məhkum zərəri tam ödəməyənədək yaşayış minimumunun ikiqatından artıq məbləğdə pul saxlaya bilməz. Belə şəxsə pul və ya əmlak vermək ayrıca cinayət kimi qiymətləndiriləcək və cəza kimi pul cəriməsi və ya 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulacaq.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatları – Arçil Qordulaadze, Tornike Çeişvili, Aleksandre Tabatadze, Davit Matikaşvili, Rati Yonatamışvili, Aluda Quduşauri, Tengiz Şarmanashvili, Quram Maçarashvili və Akaki Aladaşvili – dir.

Qanun layihəsi parlamentdə təcili qaydada müzakirəyə çıxarılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər