Mer nümayəndəsi rüşvət almaq ittihamı ilə saxlanıldı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları Axalkalaki Bələdiyyə başçısının Diliska inzibati vahidindəki nümayəndəsi O.Q.-ni rüşvət almaqda şübhəli bilinərək saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə qrum rəsmi açıqlama verib.
DTX-nin məlumatına görə, məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı məhsulunun mənşəyi barədə saxta arayışların hazırlanması və bunun müqabilində rüşvət alma faktında ittiham olunur.
İstintaqın gedişində müəyyən edilib ki, O.Q. üç eyni məzmunlu saxta arayış tərtib edib. Həmin arayışlarda guya onun inzibati vahidində yaşayan şəxslər tərəfindən 25 ton (cəmi 75 ton) kartof yetişdirildiyi və bu məhsulun konkret sahibkarlıq subyektinə satıldığı göstərilib.
İstintaq materiallarına əsasən, bu saxta sənədlər vasitəsilə məhsulun daha baha qiymətə, həm ölkə daxilində, həm də ixrac üçün satılması mümkün idi, çünki Axalkalaki rayonunda yetişdirilən kartof bazarda digər bölgələrin məhsullarına nisbətən daha yüksək qiymətlə qiymətləndirilir.
Bu əməliyyatın qarşılığında O.Q. sahibkardan 6 000 lari məbləğində rüşvət tələb edib və pulu 2025-ci il 15 oktyabrda alıb.
Məhkəmənin qərarı əsasında keçirilmiş gizli istintaq tədbirləri nəticəsində, cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə olunub.
Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır, bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


