Tbilisiyə səfər edən ATƏT-in sədri, Finlandiyanın xarici işlər naziri 5 000 lari cərimələnib
ATƏT-in sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektinin qanunsuz bağlanmasına görə 5 000 lari məbləğində cərimələnib. Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) rəsmi şəkildə təsdiqləyib.
Xarici nazir 14 oktyabrda Gürcüstan Parlamentinin qarşısında keçirilən etiraz aksiyasına qatılmışdı. Elina Valtonen həmin gün Rustaveli prospektindən canlı video-müraciət də paylaşmışdı.
Hadisədən sonra Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ATƏT sədrinin davranışına narahatlıqla reaksiya verib və ATƏT katibliyinə, həmçinin iştirakçı dövlətlərə etiraz notası göndərib.
Nazirliyin açıqlamasına görə, Valtonen rəsmi proqramdan kənar olaraq Gürcüstanda keçirilən səfəri zamanı antihökumət yönümlü kiçik qrupun aksiyasına qoşulub və Gürcüstandakı vəziyyəti beynəlxalq ictimaiyyətin gözündə təhrif etməyə yönəlmiş bəyanat yayıb.


