İrakli Kupradze: “Qərar artıq qəbul edilib – müxalifət partiyalarının qadağan olunması ilə bağlı prosesin ədalət mühakiməsi ilə heç bir əlaqəsi yoxdur”
“Bu üç gün ərzində biz tamamilə siyasiləşdirilmiş və hüquqi əsasları olmayan, ədalət mühakiməsi ilə heç bir əlaqəsi olmayan prosesin şahidi olduq. Ölkənin baş naziri müxalifət partiyalarının ‘günlərinin sayılı olduğunu’ bəyan edirsə, bu, bir məna daşıyır: qərar artıq qəbul edilib”.
InterPress.ge xəbər verir ki, bu barədə “Lelo – Güclü Gürcüstan” partiyasının baş katibi İrakli Kupradze müxalifət partiyalarının qadağan olunması ilə bağlı Konstitusiya Məhkəməsində iddiaya baxılması prosesini qiymətləndirərkən bildirib.
Onun sözlərinə görə, üç gün ərzində “Lelo – Güclü Gürcüstan” partiyasına konkret olaraq hansı ittihamın irəli sürüldüyünü belə öyrənə bilməyiblər.
“Konstitusiya Məhkəməsinin plenumundan tamamilə əsassız arqumentlər eşitdik. Lakin ölkənin baş naziri müxalifət partiyalarının ‘günlərinin sayılı olduğunu’ bəyan edəndə buna təəccüblənməyə dəyməz. Bu, bir çox suala cavab verir və yalnız bir məna daşıyır: qərar artıq qəbul edilib.
Üç gündür sadə bir sual veririk: ‘Güclü Gürcüstan – Lelo’ partiyasına qarşı konkret ittiham nədir? Cavab ala bilmədik!
Bu, zaman baxımından uyğunsuz bir absurddur. Bizi 2007–2009-cu illərdə baş vermiş hadisələri müzakirə etməyə məcbur edirlər, halbuki ‘Lelo’ siyasi hərəkatı 2019-cu ilin sonunda yaradılıb. Bu absurdluğun miqyasını plenumun hakimlərindən biri də təsdiqlədi.
Məhkəmə vəsatətlərimizin heç birini təmin etmədi. Avropa Məhkəməsindən məsləhət xarakterli rəyin tələb olunmasına, Venesiya Komissiyasının ekspertlərinin prosesə cəlb edilməsinə və prosesin konstitusiyaya uyğunluğuna aid ötənilki iddiamıza baxılmasına imtina etdi. Bu, məhkəmənin hakimiyyətin təcridçilik siyasətinin birbaşa davamçısı olmasından başqa bir şey deyil.
Hələ proses başlamazdan əvvəl iki hakimin dəyişdirilməsi və icraatın sürətləndirilməsi ‘Gürcü Arzusu’nun əslində gürcü xalqının maraqlarına deyil, öz maraqlarına xidmət etdiyini və Gürcüstanın bir milyon vətəndaşını seçim hüququndan məhrum etmək istədiyini açıq şəkildə göstərdi.
Bu gün biz dövlətimizin bir şəxsin avtokratik istəklərinə qurban verildiyini görürük. Məqsəd ölkədə nə azad insanın, nə azad sözün, nə vətəndaş cəmiyyətinin, nə də Qərbyönümlü müxalifətin qalmasına imkan verməməkdir.
Birmənalı şəkildə bəyan etmək istəyirəm: Konstitusiya Məhkəməsi hansı qərarı çıxarırsa-çıxarsın, ‘Güclü Gürcüstan – Lelo’ mübarizəni dayandırmayacaq!
Gürcüstanın heç bir vətəndaşının təmsilçilik və siyasi seçim hüququndan məhrum edilməməsini təmin edəcək mexanizmlər yaratmaq üçün əlimizdən gələni edəcəyik.
Bu gündən etibarən biz də şənbə günü keçiriləcək təkpartiyalı idarəçiliyə və avtoritarizmə qarşı yürüşə qoşuluruq!
Gürcüstanın və hər bir vətəndaşın azadlığı uğrunda mübarizə davam edir!” – deyə İrakli Kupradze bildirib.


