17 
Okt
2025
18:45
375

Keçmiş Baş nazir İrakli Qaribaşvili, DTX-nın sabiq rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Parxçaladzenin evlərində axtarış aparılıb

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, bu gün səhər saatlarından etibarən ölkənin keçmiş Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Parxçaladzenin yaşayış evlərində axtarışlar aparılıb.

Baş prokuror Giorgi Qvarakidzenin verdiyi açıqlamaya əsasən, axtarış zamanı elektron cihazlar, sənədlər və böyük məbləğdə pul müsadirə edilib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin keçmiş yüksəkvəzifəli məmurlarla əlaqəsi olan digər şəxslərin evlərində də axtarış aparıblar.

“Xüsusilə yüksək ictimai maraq və cinayət işlərinin əhəmiyyətini nəzərə alaraq, ictimaiyyətə məlumat vermək istəyirəm ki, Gürcüstan Baş Prokurorluğunun İstintaq İdarəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya və Dövlət Təhlükəsizliyi Departamentlərində aparılan müxtəlif cinayət işləri çərçivəsində bu gün səhər saat 10:00-dan etibarən ölkə miqyasında ümumilikdə 22 ünvanda genişmiqyaslı əməliyyat keçirilib,” – deyə Qvarakidze bildirib.

Onun sözlərinə görə, keçmiş Baş nazir İrakli Qaribaşvili, DTX-nın sabiq rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Parxçaladze və onlarla əlaqəli ümumilikdə 8 nəfərin mənzillərində və şəxsi əmlaklarında axtarışlar aparılıb.

“Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və böyük məbləğdə nağd pul ələ keçirilib. Hazırda istintaq, prosessual və operativ-axtarış tədbirləri davam edir. İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətə mərhələli şəkildə əlavə məlumat veriləcək,” – deyə baş prokuror Giorgi Qvarakidze qeyd edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər