Marneuli uşaq bağçasının həyətini kanalizasiya suları basıb – uşaqlar antisanitariya şəraitində oynayır
Marneuli şəhərində yerləşən 4 nömrəli uşaq bağçasının həyətində kanalizasiya sistemi uzun müddətdir sıradan çıxıb.
InterPress.ge xəbər verir ki, problemin çoxdan mövcud olmasına baxmayaraq, məsələ hələ də həllini tapmayıb.
Kanalizasiya sularının axması nəticəsində bağçanın həyəti çirkli su ilə dolub və ərazi bataqlıq halına düşüb. Ən narahatedici məqam isə odur ki, uşaqlar məhz bu antisanitariya şəraitində – kanalizasiya suyu ilə dolmuş həyətdə oynayırlar.
Ətrafda yaşayan sakinlər pis qoxu və sanitar vəziyyətin yaratdığı təhlükədən narahat olduqlarını bildiriblər. “Pis qoxudan evdə oturmaq olmur, uşaqların sağlamlığı təhlükə altındadır,” – deyə sakinlərdən biri qeyd edib.
Bağçaya uşaqlarını gətirən valideynlər də vəziyyətdən ciddi narazılıq edirlər.
Sakinlər və valideynlər Marneuli bələdiyyəsindən kanalizasiya sisteminin təcili bərpasını və bağçada uşaqlar üçün sağlam şəraitin yaradılmasını tələb edirlər.



