Keçmiş baş nazir İrakli Qaribaşviliyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirin leqallaşdırılması ittihamı irəli sürülüb
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə qarşı xüsusilə böyük məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş prokuroru Giorgi Qvarakidze prokurorluqda keçirdiyi brifinqdə açıqlayıb.
Baş Prokurorluğun məlumatına əsasən, Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə ittiham elan olunub. Həmin maddə qanunsuz gəlirlərin leqallaşdırılmasını və xüsusilə böyük məbləğdə qazanc əldə olunmasını nəzərdə tutur.
Giorgi Qvarakidzenin sözlərinə görə, İrakli Qaribaşvili özünü təqdim olunan ittiham üzrə tam günahkar kimi etiraf edib.
Prokurorluq məhkəmədən onun barəsində 1 milyon lari girov qətimkan tədbirinin seçilməsini istəyib. Girovun təmin edilməsi həm nağd pul, həm də daşınmaz əmlak vasitəsilə mümkündür.
Baş Prokurorluğun açıqlamasına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Departamentinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, İrakli Qaribaşvili 2019–2024-cü illərdə müdafiə naziri və daha sonra baş nazir vəzifəsində çalışarkən, dövlət vəzifəli şəxsi kimi müxtəlif kommersiya fəaliyyətlərində gizli və qeyri-leqal şəkildə iştirak edib və xüsusilə böyük məbləğdə gəlir əldə edib.
O, gəlirlərini gizlətmək üçün mülkiyyət bəyannamələrində saxta məlumatlar təqdim edib — guya hər il ailə üzvlərindən “hədiyyə” kimi iri məbləğdə pul aldığını göstərib. Bu yolla o, 830 000 lari məbləğində qanunsuz gəliri leqallaşdırıb.
Bundan əlavə, 2023–2024-cü illərdə Qaribaşvili bu vəsaitin bir hissəsini 463 630 lari dəyərində iki avtomobilin və 210 000 lari dəyərində bir şirkətin 100% payının alınmasına yönəldib. Həmin şirkətin balansında daşınmaz əmlak mövcud olub.
Eyni zamanda, onun ailə üzvünün adına qeydiyyatda olan MMC-yə 3 670 172 lari həcmində investisiya yatırılıb.
İstintaq zamanı məlum olub ki, Qaribaşvili qanunsuz gəlirin əsas hissəsini xarici valyutaya çevirib, bununla da vəsaitin mənbəyini gizlətməyə çalışıb. Nəticədə, 6,5 milyon ABŞ dolları məbləğində nağd pul 2025-ci il 17 oktyabr tarixində onun mənzilində aparılan axtarış zamanı aşkarlanaraq götürülüb.
Baş prokuror Qvarakidze bildirib ki, ittiham üzrə istintaq davam edir və məhkəmədən əlavə olaraq Qaribaşvilinin pasportunun hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarılması tələb olunacaq.
“Bu iş üzrə istintaq davam edir və məhkəmə, qanunla müəyyən edilmiş müddətdə, təqdim olunan sübutlar əsasında qərar qəbul edəcək,” – deyə baş prokuror qeyd edib.


