Məhkəmə İrakli Qaribaşvili üçün 1 milyon lari girov müəyyən etdi – sabiq baş nazir ittihamı qəbul edib
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili barəsində Tbilisi Şəhər Məhkəməsi 1 milyon lari məbləğində girov qərarı çıxarıb.
InterPress.ge xəbər verir ki, qərar hakim Eka Barbaqadze tərəfindən elan olunub.
Hakimin qərarına əsasən, Qaribaşviliyə əlavə məhdudiyyətlər də tətbiq edilib — o, pasportunu hüquq-mühafizə orqanlarına təhvil verməli və ölkəni tərk etməməlidir.
Məhkəmə iclasında sabiq baş nazirin özü vəkillərinin mövqeyi ilə razılaşdığını bildirib. Hakimin sualına cavab olaraq o, qısa şəkildə deyib:
“Razıyam, əlbəttə.”
Əlavə nəsə demək istədiyini soruşduqda isə “Xeyr” cavabını verib.
Prokurorluq Qaribaşvili üçün 1 milyon lari girov və ölkədən çıxışın qadağan olunması ilə bağlı vəsatət qaldırmış, müdafiə tərəfi bu vəsatətə razılığını bildirmişdi.
Xatırladaq ki, İrakli Qaribaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə ittiham irəli sürülüb. İttiham qanunsuz gəlirlərin leqallaşdırılması və xüsusilə böyük məbləğdə qazanc əldə olunması ilə bağlıdır.
Prokurorluğun məlumatına görə, Qaribaşvili 2019–2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrində çalışarkən gizli biznes fəaliyyəti ilə məşğul olub və xüsusilə böyük məbləğdə gəlirlər əldə edib. O, bu gəlirləri leqallaşdırmaq üçün maliyyə mənbələrini saxtalaşdırıb, guya ailə üzvlərindən böyük məbləğdə hədiyyələr aldığını bəyan edib.
İstintaq zamanı sabiq baş nazirin evində aparılan axtarış zamanı 6,5 milyon ABŞ dolları məbləğində nağd vəsait aşkar edilərək götürülüb.
Qaribaşvili məhkəmədə özünü tam günahkar hesab etdiyini bildirib.


