Qabal kəndində xüsusi təyinatlılar və "oğru dünyasının" üzvü arasında atışma baş verib - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları “qanuni oğru dünyasının üzvü olmaq”, “onun fəaliyyətinə dəstək vermək” və “qanuni oğruya müraciət etmək” ittihamı ilə 34 nəfəri saxlayıb, bir neçə nəfərə isə ittiham qiyabi irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə nazir müavini Aleksandre Daraxvelidze brifinqdə açılama verib.
Brifinqdə bildirdiyinə görə, əməliyyat zamanı Lagodexi rayonunun Qabal kəndində xüsusi təyinatlı qüvvələrə atəş açan 1973-cü il təvəllüdlü Mirza Əliyev cavab atəşi nəticəsində zərərsizləşdirilib. Atışma zamanı bir xüsusi təyinatlı əməkdaş sinə nahiyəsindən ağır yaralanıb.
Əməliyyat Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Mtsxeta-Mtiyaneti və Xüsusi Tapşırıqlar Departamentlərinin əməkdaşları tərəfindən ölkə miqyasında eyni vaxtda keçirilib.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər “qanuni oğrularla” əlaqə saxlayaraq, onların tapşırıqlarını yerinə yetirir, vətəndaşlar arasındakı maliyyə mübahisələrini həll edir, “oğru məhkəmələri” təşkil edir və şərtləri pozanları cərimə və ya ölümlə hədələyirdilər. Bu fəaliyyətdə kriminal avtoritet Elmuraz Məmmədovun da xüsusi rolu olub.
Axtarışlar zamanı narkotik vasitələr, odlu silahlar, külli miqdarda pul, mobil telefonlar və kompüter avadanlıqları müsadirə edilib.
Əlavə olaraq, əməliyyat çərçivəsində Davit Miqadzenin mühafizə rəisi Davit Çubinidze də saxlanılıb. İstintaqın məlumatına görə, o və Miqadze 2021-ci ilin sentyabrında Vaxtanq Kobiaşviliyə məxsus beş odlu silaha qanunsuz yiyələnib, onlardan birini üçüncü şəxsə satıblar. Miqadzeyə qarşı ittiham qiyabi irəli sürülüb.
Cinayət işləri Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tersiya, 223-cü kvarta, eləcə də 109-cu və 181-ci maddələri ilə araşdırılır. Bu cinayətlər 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Daxili İşlər Nazirliyi bəyan edib ki, ölkədə mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə davam edəcək və hər cür müqavimətə baxmayaraq, “cinayətkarlığın tarixi minimum səviyyəyə endirilməsi təmin ediləcək”.


