Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb – “Sakaeronaviqasiya” açıqlama yayıb
“Sakaeronaviqasiya” MMC Türkiyə hərbi təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı rəsmi bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, qurumun məlumatına görə, “112” xidmətindən daxil olan məlumat əsasında məlum olub ki, Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədi yaxınlığında hava hadisəsinə məruz qalıb.
“Beynəlxalq protokollara tam uyğun olaraq, ‘Sakaeronaviqasiya’nın axtarış-xilasetmə qrupu hadisə yerinin müəyyənləşdirilməsi və mümkün zərərçəkənlərə yardım göstərilməsi məqsədilə əraziyə yola düşüb.
Türkiyənin C130 tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstanın hava məkanına daxil olduqdan bir neçə dəqiqə sonra, həyəcan siqnalı göndərmədən radar ekranlarından itib. Bu hadisədən dərhal sonra ‘Sakaeronaviqasiya’ tərəfindən axtarış-xilasetmə əməliyyatı başladılıb.
Məlumatda bildirilir ki, Türkiyə təyyarəsinin havaya qalxdığı Azərbaycanın Gəncə hava limanı artıq məlumatlandırılıb, eləcə də Türkiyə tərəfinə də hadisə barədə rəsmi bildiriş göndərilib.
Hazırda Gürcüstanın aidiyyəti qurumlarının iştirakı ilə hava axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


