Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində partlayıcı maddə olmayıb – ilkin versiyalar məlumdur
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin hərbi-nəqliyyat təyyarəsində yalnız F-16 qırıcılarına məxsus ehtiyat hissələri olub və təyyarədə partlayıcı maddə və ya hər hansı partlayıcı qurğu aşkarlanmayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan mediası yazır.
Mənbənin bildirdiyinə görə, təyyarədə olan şəxslər Türkiyə Hərbi Hava Qüvvələrinin texniki heyət üzvləri idi. Onlar 8 noyabrda Bakıda keçirilən hərbi paradda iştirak edən F-16 təyyarələrinə texniki dəstək göstərirdilər.
Uçuşdan əvvəl ekipaj üzvləri hava limanında təhlükəsizlik prosedurlarından keçiblər, bütün yoxlamalar həyata keçirilib və bu proses müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
APA yazır ki, qəzaya uğrayan C-130 tipli təyyarə uzun illərdir istismarda idi və sonuncu dəfə 2020-ci ildə təmir olunmuşdu. İlkin müşahidələr göstərir ki, təyyarənin gövdəsində xarici təsirin heç bir izi yoxdur.
Mənbə qeyd edib ki, bu, ötən ilin 25 dekabrında qəzaya uğramış Azərbaycan “Embraer-190” hadisəsindən fərqli olaraq, C-130-un gövdəsində xaricdən zərbə və ya partlayış izlərinin olmaması onun vurulması versiyasını istisna edir.
“Hətta təyyarədə partlayıcı maddə və ya qurğu olsaydı belə, gövdədə mütləq partlayış izləri qalardı. Bu səbəbdən sosial mediada yayılan müxtəlif versiyalar və sui-qəsd nəzəriyyələri əsassızdır. Qəzanın dəqiq səbəbi təyyarənin “qara qutusu” açıldıqdan sonra müəyyən ediləcək,” – deyə mənbə bildirib.
APA-nın yazdığına əsasən, istintaq iki əsas versiyanı araşdırır:
• Təyyarə uzun illər istismarda olduğu üçün korpusda korroziya yaranmış ola bilər, bu isə yüksək təzyiq altında uçuş zamanı qəzanın mümkün səbəbi sayılır.
• Yükün təyyarə içərisində düzgün bərkidilməməsi nəticəsində, turbolentlik zamanı yerdəyişmə baş verə bilər ki, bu da daxili balansın pozulmasına və qəzanın yaranmasına səbəb olub.
Xatırladaq ki, 11 noyabrda Sığnaqı (Siğnaği) bələdiyyəsində, Gürcüstan–Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirirdi.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Bu maddə hava nəqliyyatı təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.


