Kiyevdə Azərbaycanın səfirliyi raket zərbəsinə məruz qaldı – Bakı Rusiyaya etiraz notası verdi
Kiyevdə Azərbaycanın səfirliyinin ərazisinə raket düşməsi ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Bakıda fəaliyyət göstərən səfirini nazirliyə dəvət edərək ona etiraz notası təqdim edib.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi açıqlama yayıb.
Məlumata görə, 2025-ci il 14 noyabr tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı bildirilib ki, 14 noyabr gecə saat 01:00 radələrində Ukraynanın paytaxtı Kiyevə həyata keçirilən raket və dron hücumu nəticəsində “İskəndər” tipli raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisinə düşüb. Azərbaycan tərəfi hadisə ilə bağlı kəskin etirazını ifadə edib və Rusiyaya rəsmi nota təqdim olunub.
Azərbaycan XİN-in məlumatına görə, son raket zərbəsi nəticəsində səfirlik kompleksinin perimetr divarının bir hissəsi tamamilə dağılıb, inzibati bina, səfirliyin konsulluq şöbəsi, diplomatik missiyanın strukturları və xidməti avtomobillər ciddi zərər görüb. Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı qeydə alınmayıb.
Görüşdə qeyd edilib ki, diplomatik missiyalara qarşı bu cür zərbələr qəbuledilməzdir və Rusiyanın məsələ ilə bağlı hərtərəfli araşdırma aparması, eləcə də detallı izahat təqdim etməsi tələb olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi əlavə edib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu tip raket hücumları əvvəllər də baş verib. Xüsusilə, 2022-ci il 10 mart tarixində Xarkovda Azərbaycanın fəxri konsulluğunun binasına aviazərbə endirilməsi nəticəsində inzibati binaya ciddi ziyan dəyməsi xatırladılıb.
Bundan başqa, açıqlamada 2024-cü il 2 yanvar və 2025-ci il 28 avqust tarixlərində Azərbaycana məxsus Kiyev səfirliyinin yaxınlığına Rusiya raketlərinin düşməsi, həmçinin 2025-ci il 18 avqustda Odessa vilayətində SOCAR-a məxsus neft anbarının bombalanması faktları da yada salınır.
XİN vurğulayıb ki, bütün bu hallar raket zərbələrinin məqsədyönlü şəkildə endirilib-endirilməməsi ilə bağlı ciddi suallar doğurur.


